“ICESCO-nun son araşdırmaları göstərir ki, dünyada təhlükə altında olan mədəni irs nümunələrinin əhəmiyyətli hissəsi İslam dünyasında yerləşir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində təşkil olunan “Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli” adlı panel sessiyada ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov deyib.
O bildirib ki, münaqişədən sonrakı dövrdə mədəniyyətin bərpa və yenidənqurma proseslərinin əsas istiqamətlərindən birinə çevrilməsi dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır:
“Hazırda dünyada təhlükə altında olan 36 mədəni irs obyektindən 33-ü İslam ölkələrinin ərazisində yerləşir. Bu isə ümumi göstəricinin təxminən 60 faizini təşkil edir və ciddi narahatlıq doğuran tendensiya hesab olunur. Mövcud vəziyyət mədəni irsin qorunması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qabaqlayıcı tədbirlərin gücləndirilməsini zəruri edir”.
A.Kərimov əlavə edib ki, ICESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarında hazırda 840-dan çox irs nümunəsi yer alır. Bu il Səmərqənddə keçirilən sessiya zamanı isə 16 ölkədən təqdim olunan 117 yeni mədəni irs elementi siyahıya daxil edilib.
O, həmçinin Şuşanın 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasının mədəni irsin qorunması və beynəlxalq miqyasda tanıdılması baxımından mühüm addım olduğunu vurğulayıb.
O çıxışında bildirib ki, təhlükə altında olan irs obyektlərinin 60 faizinin üzv dövlətlərdən olması proaktiv addımların atılmasını və üzv ölkələrlə birgə fəaliyyət göstərərək bu sayın azaldılmasını zəruri edir:
“Məhz bunu nəzərə alaraq, ICESCO Afrika və ərəb ölkələrində irs obyektlərinin idarəçiləri üçün bir sıra regional seminarlar təşkil etməyə başladı. Burada ICRM-in dəstəyini xüsusilə vurğulamaq istəyirəm. Eyni zamanda UNESCO-nun Dünya İrs Mərkəzi də bu prosesdə bizə dəstək verib.
Bu seminarlar təhlükə siyahısına daxil edilən irs obyektlərində əsas problemlərin idarəetmə mexanizmlərinin çatışmazlığı ilə bağlı olduğunu müəyyən etməyə kömək etdi. Münaqişələrlə bağlı vəziyyətlərdə bizim imkanlarımız məhdud olur. Əvvəlcə problemin özü həll olunmalıdır ki, sonra biz ölkələrə dəstək verə bilək. Lakin söhbət idarəetmə və mühafizə tədbirlərindən gedəndə, burada ICESCO, UNESCO və ICRM çox mühüm işlər görə bilir.
Seminarların əsas məqsədi də üzv dövlətlərə bu istiqamətdə yardım etmək idi. Qürurla qeyd edə bilərəm ki, 2024–2025-ci illərdə təşkil etdiyimiz seminarların nəticəsində Misir və Liviyadakı iki irs obyekti, “Abu Mina” və “Old Town of Ghadames” təhlükə altında olan irs siyahısından çıxarılıb. Bu, ICESCO-nun təhlükə altında olan mədəni irs obyektlərinin qorunması istiqamətində beynəlxalq səylərə verdiyi praktiki töhfələrdən biridir. Bu nümunə təşkilatın bu məsələyə necə prioritet yanaşdığını açıq şəkildə göstərir. Azərbaycana gəldikdə isə, ICESCO ölkənin işğaldan azad edilmiş ərazilərində mədəni irsin bərpası prosesində fəal iştirak edir”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər