Deputat Cavanşir Paşazadə qardaşı Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olması ilə bağlı iddialara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Modern.az-a danışan deputat məsələ ilə bağlı məlumat paylaşdığı üçün ilahiyyatçı Elşad Miriyə təşəkkür edib.
“Mən bilmirəm Elşad Miri bunu nə məqsədlə paylaşıb, amma mən ona çox təşəkkür edirəm ki, belə bir məsələni xalqımıza çatdırır. O bununla, doğrudan da, Azərbaycan və Azərbaycan xalqının Türkiyə xalqının çətin günlərində də arxasında durduğumuzu bir daha xatırladıb. Şeyxülislam həzrətlərinin belə hərəkəti çox qənaətbəxşdir. Elşad Miri də bunu xalqın yadına salıb. Bizim qardaşlıq borcumuzdur ki, hər iki ölkə bir-birinin ərazisində olan problemlərdə bir-birinə dayaq olsun. Həmin dövrdə də qardaş ölkənin bir nümayəndəsi kimi şeyxülislam zəng edib, öz köməyini təklif edib”, - o deyib.
C.Paşazadə qeyd edib ki, Azərbaycandan bir başqa ölkə ilə danışanda “bizim” deyəndə Azərbaycan xalqının əmlakından, Azərbaycan xalqının adından danışılır: “Azərbaycanda olan təyyarələr, bəli, bizimdir. 50-yə yaxın təyyarəmiz mövcuddur. Ölkə olaraq, çox güclüyük. O danışanda “mən xahiş edərəm”, yaxud “mən təşkil edərəm” deyə bilər. Bunu dəstək kimi deyib”.
C.Paşazadə Şeyxülislamın özəl təyyarəsi olduğu barədə iddiaları qəbul etməyib: “Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər, bu, motosiklet deyil. Əgər varsa, dövlətdən öyrənin. Doğrudan da, Azərbaycan-Türkiyə qardaşlığı burada göstərilir. Hər birimiz imkanımız daxilində dəstəyə hazırıq. Söhbət bundan gedir. Başqa ölkədə tədbir olduqda dövlət şeyxülislam üçün təyyarə ayırır və öz kollektivi ilə lazımi şəkildə tədbirlərdə iştirak edir. Bu, dövlətin ona şəxsi yox, gördüyü işlər üçün yaratdığı şəraitdir. Bunu bütün Azərbaycan bilir”.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə yayımlanan 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli filmin 6-cı hissəsində ölkənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb: “Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”
İlahiyyatçı Elşad Miri isə sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.
Son xəbərlər
Son Xəbərlər