Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində dəyişiklik ediləcək.
“Qafqazinfo” xəbər verir ki, AYNA-nın etdiyi dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkiləcək. Beləliklə, “Gənclik Mall”un parkinqinə daxil olmaq istəyən minik avtomobillərinin avtobus zolağını zəbt etməsinin qarşısı alınacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadionun qarşısındakı HUB-dan Fətəli Xan Xoyski küçəsinə çıxan avtobuslar bu ərazidə avtomobillərin dayanması səbəbindən çətinliklə qarşılaşır və tıxacda vaxt itirməyə məcbur olurdu.
***
AYNA-dan bildirilib ki, Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.
Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli Xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Ona görə də, məsələnin həlli üçün yeni layihə icra olunacaq.
Layihəyə əsasən “Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.
Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq.
Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub.
Daha ətraflı süjetdə: