Tribunaya “atəş açdı”, meydandan qovuldu - Video

tribunaya-ates-acdi-meydandan-qovuldu
Oxunma sayı: 332

UEFA Millətlər Liqasında Avstriya ilə İsrail arasında keçirilən matçda diqqətçəkən hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, İsrailin 20 yaşlı futbolçusu Səid Əbu Farçi vurduğu bərabərlik qolundan sonra etdiyi qeyri-adi hərəkətə görə meydandan qovulub.

Linzdəki “Raiffeisen Arena”da keçirilən qarşılaşmada Avstriya ilk hissənin 43-cü dəqiqəsində Romano Şmidin penalti qolu ilə hesabı açıb. İsrail 55-ci dəqiqədə Əbu Farçinin başla vurduğu qolla hesabı 1:1 edib.

Qoldan sonra Əbu Farçi künc bayrağını yerindən çıxararaq onu silah kimi tutub və tribunaya atəş açırmış kimi jest edib. Artıq sarı vərəqəsi olan futbolçuya baş hakim Georgi Kabakov ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.

Əbu Farçinin meydandan qovulmasından sonra İsrail qarşılaşmanı 10 nəfərlə davam etdirib. Say üstünlüyündən istifadə edən Avstriya son dəqiqələrdə iki qol vuraraq oyunun taleyini dəyişib.

Filip Mvene 90-cı dəqiqədə, Sasa Kalaydziç isə 90+3-cü dəqiqədə fərqlənib. Nəticədə Avstriya 3:1 hesabı ilə qalib gəlib.