İran və ABŞ-İsrail arasındakı münaqişə Yaxın Şərqdə turistlərin həyatını çətinləşdirib. Hava məkanlarının bağlanması və uçuşların ləğvi bir çox turisti bu ölkələrdə köməksiz vəziyyətə salıb. Hotel xərcləri isə onları onlayn ianə toplama kampaniyalarına sövq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Business Insider” məlumatın yayıb.
Bildirilib ki, hazırda Yaxın Şərqdə qalan və çətinliklə üzləşən turistlər üçün ən azı 28 aktiv “GoFundMe” kampaniyası açılıb. Kampaniyalar, əsasən, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və Qətərdə qalmaqda olan şəxslərin hotel və yaşayış xərclərini qarşılamağa yönəlib. Məqsəd 660 dollardan 15 min dollara qədər vəsait toplamaq olsa da, bəzi kampaniyalar heç bir dəstək ala bilməyib, digərləri isə artıq 5 min dolları keçib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdə hava nəqliyyatı, demək olar ki, dayandırılıb. İran, İraq, Bəhreyn, BƏƏ və Qətər hava məkanlarını bağlayıb. “Cirium”un məlumatına görə, 28 fevraldan bəri on minlərlə uçuş ləğv edilib.
ABŞ Dövlət Departamenti bölgədəki vətəndaşlarını təxliyəyə çağırıb. Əvvəlcə bəzi səfirliklər kömək edə bilməyəcəklərini bildirsə də, sonradan uçuşların təşkil ediləcəyi açıqlanıb.
Dubay Beynəlxalq Hava Limanı isə həftəsonu bütün uçuşları müvəqqəti dayandırıb. Hazırda bəzi yük və repatriasiya uçuşları bərpa edilsə də, bölgədə təhlükəsizlik riskləri davam edir və həm turizm, həm də hava səyahətləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.
Son xəbərlər
Son Xəbərlər