Türkiyə istiqamətində aviabilet qiymətləri - Müqayisə nəyi göstərir?

turkiye-istiqametinde-aviabilet-qiymetleri
Oxunma sayı: 1024

Yay mövsümündə Türkiyə istiqamətinə aviabilet qiymətləri ətrafında müzakirələr daha da intensivləşir. 

Bəs, fərqli aviaşirkətlərin təklifləri arasında qiymət fərqi həqiqətən nə qədərdir? 

“Qafqazinfo” xəbər verir ki, turizm eksperti Rəhman Quliyev Bakı–İstanbul marşrutu üzrə müxtəlif aviaşirkətlərin tariflərini müqayisə edərək qiymət fərqlərinin səbəblərini və sərnişinlərin aviabilet seçərkən diqqət yetirməli olduğu əsas məqamları təhlil edib.

Müqayisə məqalənin hazırlanması tarixinə “Aviasales” və “Kayak” platformalarında mövcud olan tariflər əsasında aparılıb. Bu zaman yalnız biletin ilkin qiyməti deyil, həm də tarifə daxil olan xidmətlər, əlavə ödənişlər və sərnişinin yekunda ödədiyi məbləğ nəzərə alınıb.

Cədvəldən göründüyü kimi, müqayisə zamanı “Ajet” və Azərbaycan Hava Yollarının başlanğıc tarifləri arasında cüzi fərq müşahidə olunur. “Pegasus” və “Turkish Airlines” tərəfindən təklif olunan tariflər isə daha yüksəkdir. Bununla belə, aşağıbüdcəli aviadaşıyıcıların bir çox tariflərində qeydiyyata verilən baqaj, qidalanma və oturacaq seçimi əlavə ödənişlə təqdim olunur. Tam xidmət göstərən aviadaşıyıcılarda isə bu xidmətlərin əksəriyyəti tarifə daxil olduğundan sərnişin əlavə ödəniş etmədən daha geniş xidmət paketindən yararlana bilir.

Aviasiyada bilet qiymətləri sabit olmur və bir neçə əsas amilin təsiri altında formalaşır. Qiymətlər bazardakı rəqabət mühiti, konkret reys üzrə tələbat, təyyarənin doluluq səviyyəsi və uçuşa qalan müddətdən asılı olaraq dəyişir. Uçuş tarixi yaxınlaşdıqca və reyslər dolduqca daha sərfəli tariflər mərhələli şəkildə tükənir, nəticədə satışda daha yüksək qiymətli biletlər qalır.

Buna görə də, xüsusilə yay mövsümündə səyahət etməyi planlaşdıran sərnişinlərə biletlərini son günlərə saxlamamaq tövsiyə olunur. Erkən planlaşdırma həm daha münasib qiymətlərlə bilet əldə etməyə, həm də uçuş vaxtı və tarif seçimi baxımından daha geniş imkanlardan yararlanmağa şərait yaradır. 

Davamlı yüksək sərnişin tələbatı aviaşirkətlərin əməliyyat qərarlarına da birbaşa təsir göstərir. Məhz bu səbəbdən son aylarda Bakı–İstanbul marşrutu üzrə reyslərin sayı artırılıb.

Beləliklə, aviabilet seçərkən yalnız başlanğıc qiymətinə əsaslanmaq düzgün yanaşma deyil. Müxtəlif aviaşirkətlərin təkliflərini obyektiv müqayisə etmək üçün tarifə hansı xidmətlərin daxil olduğunu, əlavə ödənişlərin yekun qiymətə necə təsir etdiyini, eləcə də uçuş şərtləri və ümumi rahatlıq səviyyəsini birlikdə qiymətləndirmək vacibdir. Bu yanaşma sərnişinlərə öz ehtiyac və büdcələrinə uyğun daha əsaslandırılmış seçim etməyə imkan verir.