Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Pakistanın xaricdə yaşayan pakistanlılar və insan resurslarının inkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Abdullah Eren ilə görüşlər keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşlərdə Azərbaycanın diaspor siyasəti, xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq platformalarda ortaq təşəbbüslərlə çıxış edilməsi, eləcə də Azərbaycan və Türkiyənin qardaşlığının üçüncü ölkələrdə birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
Komitə sədri beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsinin və xaricdə yaşayan azərbaycanlıların potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.
Tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla diaspor sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər. Həmçinin mövcud əlaqələrin genişləndirilməsi, yeni birgə layihələrin hazırlanması ilə bağlı razılıq əldə olunub.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə, Pakistanın Türkiyədəki Səfirliyinin üçüncü katibi Mürva Suleyman və digər rəsmi şəxslər iştirak ediblər.




Son xəbərlər
Son Xəbərlər