Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı

turkiyede-sernisin-avtobusu-asdi
Oxunma sayı: 403

Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, qəza Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb olunub.

Qəza zamanı 38 sərnişin, 2 sürücü və 1 bələdçi olmaqla ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar təcili yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.