Bayraq dəyişir, marşrut dəyişmir: Türkiyədən İsrailə uzanan dəniz xətti
Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik və “bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Lakin son illərdə Türkiyə mediasında və sosial şəbəkələrində vaxtaşırı olaraq Azərbaycana qarşı “qara piar” kampaniyası həyata keçirilir. Hər 2-3 aydan bir başladılan kampaniyanın “ənənəvi mövzuları”ndan biri İsrail məsələsidir.
Son belə dalğa İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan diplomatlarından birinin zalda qalmasından sonra baş verdi. Türkiyə mediasında və sosial şəbəkələrdə hadisə sürətlə Azərbaycana qarşı “qara piar” kampaniyasına çevrildi, bəzi materiallarda hətta Azərbaycan nümayəndəsinin zalda qalan azsaylı təmsilçilərdən biri olduğu ön plana çıxarıldı, halbuki Netanyahu çıxış edərkən Azərbaycanla yanaşı çoxsaylı başqa ölkələrin nümayəndələri də zalda idi. Məsələni daha həssas edən isə kampaniyanın təkcə sosial şəbəkə istifadəçiləri ilə məhdudlaşmaması, Türkiyənin media resurslarına keçməsi, ən pisi isə Ankara tərəfindən bu kampaniyanın qarşısını almağa yönəlmiş açıq və təsirli siyasi mövqenin görünməməsidir.
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl də Türkiyədə İsrail–Fələstin məsələsi fonunda oxşar anti-Azərbaycan dalğası yaşanmışdı. Özlərini Fələstin tərəfdarı kimi təqdim edən bir qrup radikal şəxs SOCAR-ın İstanbuldakı ofisinə hücum etmiş, Azərbaycanı İsrailə neft satmaqda ittiham edərək şirkətin ofisinə zərər vurmuşdu. Halbuki Türkiyə ictimai rəyinin diqqət etməli olduğu məsələ başqadır: Türkiyənin özünün İsraillə uzun illər ərzində formalaşmış kifayət qədər dərin iqtisadi və ticari əlaqələri mövcuddur. Üstəlik, rəsmi məhdudiyyətlərə baxmayaraq, bu iqtisadi əlaqələrin müxtəlif kanallar və mexanizmlər vasitəsilə bu gün də davam etdiyinə dair ciddi suallar mövcuddur. Maraqlıdır ki, Türkiyə daxilində Azərbaycana qarşı sərt ittihamlarla çıxış edən Fələstin tərəfdarları nədənsə bu məqamları ya görmür, ya da görməzdən gəlirlər. Nəticədə İsraillə münasibətlər məsələsində tənqidin əsas hədəflərindən birinə Türkiyənin öz iqtisadi əlaqələri deyil, Azərbaycan çevrilir.
.jpg)
APA TV-nin apardığı özəl araşdırma isə məsələnin görünən tərəfinin arxasında daha maraqlı və ciddi faktların dayandığını üzə çıxarıb. Belə ki, rəsmi Ankara İsraillə ticarətin dayandırıldığını, iki ölkə arasında dəniz nəqliyyatının sıfırlandığını bəyan edir. Amma Türkiyə limanlarından hərəkət edən gəmilərin hərəkət trayektoriyası tamam başqa mənzərə göstərir.
Araşdırma zamanı məlum olub ki, Türkiyə limanlarından çıxan yük gəmiləri bu gün də İsrail limanlarına çatır. Bəs bu necə baş verir? Ticarət rəsmən dayandırılıbsa, Türkiyədən yüklər İsrailə hansı mexanizmlə gedir? Xarici bayraq altında üzən gəmilər bu sxemdə hansı rolu oynayır?
APA TV gəmi izləmə sistemləri və konkret marşrutlar üzərindən bu sualların cavabını araşdırıb. Qarşımıza çıxan mənzərə isə Türkiyə–İsrail ticarətinin həqiqətən dayanıb-dayanmadığına dair ciddi suallar yaradır.
Türkiyə-İsrail ticarətinə tətbiq edilən məhdudiyyətlər
Türkiyədə İsraillə ticarət əlaqələri ilə bağlı siyasi müzakirə və tənqidlərin güclənməsindən sonra Ankara 2024-cü ildən etibarən bu ölkə ilə birbaşa ticarətə mərhələli şəkildə məhdudiyyətlər tətbiq etməyə başladı. İlk addım 9 aprel 2024-cü ildə atıldı: Türkiyə İsrailə 54 məhsul qrupu üzrə 1019 məhsulun ixracını dayandırdığını açıqladı.
Cəmi bir neçə həftə sonra – mayda məhdudiyyətlər daha da sərtləşdirildi. Türkiyə İsraillə bütün məhsul qrupları üzrə ixrac, idxal və tranzit ticarətinin tam dayandırıldığını bildirdi. Rəsmi açıqlamada gömrük və sərbəst zonalarda da İsraillə ticarət əməliyyatlarının həyata keçirilmədiyi vurğulandı.
Türkiyə Ticarət Nazirliyi 30 mart 2026-cı il tarixli açıqlamasında bu mövqeyi bir daha təsdiqlədi. Nazirliyin məlumatına görə, 2 may 2024-cü ildən etibarən İsrailə yönəlik ixrac və idxal üzrə heç bir gömrük bəyannaməsi qeydə alınmayıb və Türkiyənin İsraillə ticarəti “sıfır” səviyyəsindədir.
Məhdudiyyətlər sonradan dəniz nəqliyyatını da əhatə etdi. 29 avqust 2025-ci ildə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə bayrağı altında üzən gəmilərin İsrail limanlarına getməsinə, İsrail gəmilərinin isə Türkiyə limanlarına daxil olmasına icazə verilmədiyini açıqladı. “Reuters“in həmin dövrdə yaydığı məlumata görə, Türkiyə limanlarında gəmi agentlərindən gəmilərin İsraillə əlaqəsinin olmadığını və İsrailə hərbi yük daşımadığını təsdiq edən sənədlər də tələb olunurdu.
Beləliklə, rəsmi mövqeyə əsasən, Türkiyə ilə İsrail arasında birbaşa ticarət dayandırılıb, dəniz daşımalarına da ciddi məhdudiyyətlər tətbiq olunub. Türkiyə bayraqlı gəmilər İsrail limanlarına getməməli, İsrail gəmiləri isə Türkiyə limanlarına daxil olmamalıdır.

Türkiyə ilə əlaqəli gəmilərin böyük əksəriyyəti xarici bayraq altında üzür
Göründüyü kimi, məhdudiyyət "Türkiyə və İsrail bayraqlı" gəmiləri əhatə edir. Məsələ ondadır ki, Türkiyə ilə əlaqəli gəmini müəyyənləşdirmək üçün onun üzərində hansı ölkənin bayrağının dalğalandığına baxmaq kifayət etmir. Çünki Türkiyə gəmiçilik sektorunun böyük hissəsi məhz xarici ölkələrin bayraqları altında fəaliyyət göstərir.
Türk Gəmi Sahibləri Assosiasiyasının 2024–2025-ci illəri əhatə edən hesabatına görə, 2025-ci ilin əvvəlinə Türkiyə ilə əlaqəli donanmanın ümumi dedveyti 51,943 milyon tona çatıb. Ümumi tonnajı 1000-dən çox olan gəmilərin sayı isə 2092 olub.
Amma əsas məqam donanmanın hansı bayraqlar altında üzməsidir.
Türkiyə ilə əlaqəli donanmanın dedveyt üzrə:
27,63 faizi Marşal Adaları, 16,90 faizi Panama, 15,97 faizi Malta, 13,03 faizi Liberiya, cəmi 12,30 faizi isə Türkiyə bayrağı altında üzür.
Başqa sözlə, təkcə bu dörd xarici bayraq — Marşal Adaları, Panama, Malta və Liberiya — Türkiyə ilə əlaqəli donanmanın ümumi dedveytinin 73,53 faizini təşkil edir.
Başqa bir beynəlxalq mənbə mənzərəni daha da aydın göstərir. BMT-nin Ticarət və İnkişaf Konfransının — UNCTAD-ın “Dəniz nəqliyyatı üzrə 2025-ci il icmalı”nda Clarksons Research məlumatlarına istinadən bildirilir ki, 2025-ci ilin əvvəlinə Türkiyə ilə əlaqəli 2159 gəmidən 1743-ü xarici, cəmi 404-ü Türkiyə bayrağı altında qeydiyyatda olub.
Tonnaj baxımından fərq daha böyükdür: xarici bayraqlı gəmilər Türkiyə ilə əlaqəli donanmanın ümumi tutumunun təxminən 88 faizini təşkil edir.
Bu rəqəmlər araşdırmamız üçün olduqca vacib bir məqamı ortaya qoyur: Türkiyə ilə əlaqəli gəmiçilik fəaliyyətini yalnız Türkiyə bayrağı altında üzən gəmilər əsasında izləmək real mənzərənin böyük hissəsini kənarda qoymaq deməkdir.
Məhz buna görə APA TV araşdırmanı yalnız gəminin bayrağı üzərindən aparmayıb.
Xarici bayraq altında üzən gəminin arxasında hansı şirkətin dayandığını müəyyənləşdirmək üçün onun benefisiar sahibi, qeydiyyatda olan sahibi, ISM meneceri, texniki meneceri, kommersiya operatoru və çarterçisi kimi məlumatların ayrıca araşdırılması tələb olunur. Eyni zamanda gəminin hansı yükü daşıdığı və faktiki olaraq hansı marşrutla hərəkət etdiyi də mühüm əhəmiyyət daşıyır.
Bu araşdırmada əsas açarlardan biri isə hər gəminin dəyişməz identifikatoru olan IMO nömrəsidir. Gəmi bayrağını, adını və hətta operatorunu dəyişə bilər, lakin IMO nömrəsi onun bütün fəaliyyət tarixi boyunca izlənilməsinə imkan verir. Məhz bu nömrə əsasında gəminin kimə məxsus olduğu, kim tərəfindən idarə edildiyi və hansı marşrutlarla hərəkət etdiyi barədə məlumatları müxtəlif bazalarda qarşılaşdırmaq mümkündür.

20 şirkət monitorinqə götürüldü
Türkiyə ilə əlaqəli gəmiçilik şirkətlərinin xarici bayraqlı gəmilərinin hərəkətini araşdırmaq üçün 20 şirkətdən ibarət monitorinq siyahısı formalaşdırılıb.
Şirkətlər Türk Gəmi Sahibləri Assosiasiyasının tonnaj göstəricilərinə əsaslanan məlumatları əsasında seçilib.
Monitorinq siyahısına bu şirkətlər daxil edilib:
1. Genel Denizcilik Nakliyati AS
2. YASA Shipping Industry
3. Beks Denizcilik ve Ticaret
4. Densay Shipping & Trading DMCC
5 .Ciner Ship Management
6. Klan Gemi Yönetimi
7. Karadeniz Holding
8. Active Denizcilik
9. Arkas Holding
10. Kıran Holding
11. Besiktas Shipping Group
12. İnce Shipping Group
13. Marinsa Denizcilik
14. Güngen Denizcilik
15. İskenderun Gemi İşletmeciliği
16. TÜPRAŞ
17. Manta Denizcilik
18. Ulusoy Deniz Yolları
19. İmza Marine
20. Aruna Shipping
İndi sual budur: bu şirkətlərlə əlaqəli xarici bayraqlı gəmilər Türkiyə–İsrail ticarətinə məhdudiyyətlərin qüvvədə olduğu dövrdə haradan çıxıb və hara gedib?
İsrail limanlarına gedən Türkiyə ilə əlaqəli xarici bayraqlı gəmilər
İndi isə əsas suala cavab verək: Türkiyə ilə əlaqəli xarici bayraqlı gəmilər məhdudiyyətlərin qüvvədə olduğu dövrdə İsrail limanlarına gedibmi?
Avtomatik İdentifikasiya Sistemi (AIS) məlumatlarını və açıq mənbələri araşdırıb, 2026-cı ilin sentyabrında İsrail limanlarına daxil olan gəmilərin hərəkətini izlədik.
Nəticə diqqətçəkəndir.
17–30 sentyabr 2026-cı il tarixlərini əhatə edən monitorinq zamanı Türkiyə ilə əlaqələndirilən, Panama və Liberiya bayraqları altında üzən 6 müxtəlif gəminin İsrailin Aşdod və Hayfa limanlarına ümumilikdə 11 liman çağırışı qeydə alınıb.
Liman çağırışları qeydə alınan gəmilər isə bunlardır:
MEDKON LTF
MEDKON CANAKKALE
MEDKON MERSIN
ADMIRAL MARS
ADMIRAL STAR
ANITA A
Qeydə alınan 11 liman çağırışından 8-i Aşdod, 3-ü isə Hayfa limanına olub.
Amma daha maraqlı məqam gəmilərin marşrutlarına baxdıqda üzə çıxır.
Məsələn, monitorinq məlumatlarına görə, MEDKON LTF sentyabrın 27-də İstanbulun Ambarlı limanından çıxıb. Sentyabrın 30-da isə gəmi Aşdod istiqamətində hərəkətdə olub.
MEDKON MERSIN isə 28–30 sentyabr tarixlərində Hayfa və Aşdod istiqamətində müşahidə edilib.

Yəni rəsmi olaraq Türkiyə bayraqlı gəmilərin İsrail limanlarına getməsinə məhdudiyyət tətbiq edildiyi bir dövrdə, Türkiyə ilə əlaqəli, lakin xarici bayraq altında üzən gəmilərin İsrail limanlarına çağırışları AIS sistemində qeydə alınmaqda davam edib.
MEDKON qrupunun monitorinqə düşən gəmiləri Panama bayrağı altında üzür və açıq gəmiçilik məlumat bazalarında Türkiyə ilə əlaqəli operator və idarəetmə strukturları ilə əlaqələndirilir.
ADMIRAL MARS və ADMIRAL STAR isə Liberiya bayrağı altında üzür və Türkiyə ilə əlaqəli kommersiya idarəetmə strukturları ilə əlaqələndirilir.
Burada vacib bir məqamı xüsusi qeyd etmək lazımdır: AIS məlumatları gəminin haradan çıxdığını, hansı marşrutla hərəkət etdiyini və hansı limana daxil olduğunu müəyyən etməyə imkan verir. Lakin bu məlumatlar gəmidə konkret hansı yükün daşındığını, həmin yükün kimə məxsus olduğunu və son alıcının kim olduğunu özlüyündə göstərmir. Buna görə də qeydə alınmış liman çağırışları konkret yükün İsrailə satıldığının sübutu kimi deyil, Türkiyə limanları və Türkiyə ilə əlaqəli gəmiçilik strukturları ilə İsrail limanları arasında dəniz hərəkətinin davam etdiyini göstərən fakt kimi qiymətləndirilməlidir.
Üstəlik, söhbət yalnız APA TV-nin 2026-cı ilin sentyabrında qeydə aldığı altı gəmidən getmir.
Açıq mənbələr göstərir ki, oxşar hərəkət 2025-ci ildə də müşahidə olunub.
MEDKON Çanakkale, Trans Carrier, Şahin 2, Bozkurt, Lady Ayan, Lady Sema, Lady Ayşe, Navin Osprey və Navin Harrier kimi gəmilərin Panama, Liberiya, Vanuatu və digər xarici bayraqlar altında üzərək İsrailin Aşdod və Hayfa limanlarında müşahidə edildiyinə dair məlumatlar mövcuddur.
Ancaq 2025-ci illə bağlı daha böyük rəqəmlər də açıqlanıb.
“BirGün” saytının 7 oktyabr 2025-ci ildə dərc etdiyi məlumatda bildirilir ki, həmin ilin yanvar–sentyabr aylarında Türkiyə limanlarından İsrail istiqamətində 456 birbaşa gəmi səfəri qeydə alınıb.
Mənbənin təqdim etdiyi rəqəmlərə görə, bu səfərlərin 302-si Hayfaya, 154-ü isə Aşdoda olub.
Gəmilər İsrail istiqamətində haradan çıxıb?
İskəndərundan — 130 səfər.
Mersindən — 103 səfər.
İzmirin Əliağa bölgəsindəki Nemrut limanından — 80 səfər.
Kocaeli körfəzi limanlarından — 45 səfər.
Daşımaların strukturu da diqqət çəkir. 456 səfərin 176-sı konteyner, 118-i ümumi yük, 79-u Ro-Ro, 35-i quru yük, 30-u isə tanker gəmilərinin səfərləri kimi göstərilib.
Bayraqlara baxdıqda isə əvvəlki hissədə göstərdiyimiz mənzərə yenidən qarşımıza çıxır: məlumatda 110 Panama və 98 Liberiya bayraqlı gəmi səfərinin qeydə alındığı bildirilir.
Daha bir diqqətçəkən iddia isə budur: mənbənin məlumatına görə, həmin dövrdə Türkiyə bayrağı altında üzən 8 gəminin də Hayfa və Aşdod limanlarına səfərləri qeydə alınıb.
Beləliklə, qarşımızda iki fərqli mənzərə dayanır.
Bir tərəfdə Türkiyənin rəsmi mövqeyi var: İsraillə ticarət “sıfırdır”, Türkiyə bayraqlı gəmilərin İsrail limanlarına getməsinə icazə verilmir.
Digər tərəfdə isə açıq gəmi izləmə məlumatları və müxtəlif mənbələrdə dərc olunan statistika var: Türkiyə limanlarından çıxan və ya Türkiyə ilə əlaqəli strukturlar tərəfindən idarə olunan xarici bayraqlı gəmilərin İsrailin Hayfa və Aşdod limanlarına hərəkəti qeydə alınır.
Bu faktlar özlüyündə həmin gəmilərdəki yüklərin İsrail şirkətlərinə satıldığını sübut etmir. Amma ortaya çox konkret bir sual çıxarır:
Əgər Türkiyə–İsrail ticarəti həqiqətən “sıfır”dırsa, Türkiyə limanlarından İsrail limanlarına gedən bu gəmilər nə daşıyır, yüklərin rəsmi təyinatı haradır və bu daşımaların kommersiya tərəfləri kimlərdir?
Və ən əsas sual: Türkiyə limanlarından İsrailə bu miqyasda dəniz trafiki davam edirsə, bütün bunları görməzdən gəlib Azərbaycanı İsraillə iqtisadi əlaqələrə görə necə ittiham etmək olar? Əgər prinsip İsraillə iqtisadi əlaqələrə etirazdırsa, eyni prinsip ilk növbədə Türkiyənin özündə baş verənlərə də tətbiq edilməli deyilmi?
APA