Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ucar rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələr Ucar rayonunda da ardıcıl şəkildə icra olunur.
Sentyabrın 10-u Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov rayon ərazisində fəaliyyət göstərən aqrar emal müəssisələrinə, çəltik sahələrinə, yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Müəssisələrin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi, rayonun özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
Sahibkarların və fermerlərin təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verdiyi qeyd edilib.
Sahibkarların problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanılacağı bildirilib.






Son xəbərlər
Son Xəbərlər