Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.
Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 4-ü saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 4 fevral tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş ötən gün ambulator müalicə üçün evə buraxılıb.