5 saatdan çox davam edən Putin-Uitkoff görüşü başa çatdı - Video - Yenilənib

5-saatdan-cox-davam-eden-putin-uitkoff-gorusu-basa-catdi
Oxunma sayı: 6615

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Kremlə birgə daxil olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilib ki, Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner dekabrın 2-si Moskvaya səfər ediblər. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır: “Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.

Xatırladaq ki, noyabrın 30-u Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərb ölkələri tərəfindən dondurulan Rusiya aktivlərinin taleyi müzakirə olunub.

***

V. Putinin S. Uitkoff və C. Kuşnerlə görüşü başlayıb.

Görüşdə Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. Müzakirələrin əsas mövzusunun ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi “Trampın sülh planı” olacağı gözlənilir.

***

Putinin Uitkoffla görüşü artıq üç saatdır ki, davam edir.

***

Rusiya liderinin S.Uitkoffla 5 saatdan çox davam edən görüşü yekunlaşıb.