Ukraynanın sabiq müdafiə naziri və Təhlükəsizlik Şurasının keçmiş katibi Rüstəm Umerov korrupsiya qalmaqalından sonra ölkəsinə dönməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Clash Report” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Umerov qərarını artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb. 11 noyabrda o, əsir mübadiləsi ilə bağlı yeni danışıqlar aparmaq bəhanəsi ilə ölkəni tərk edərək İstanbula yollanmışdı. Umerov bildirib ki, yaxın günlərdə Türkiyə və Yaxın Şərqdə çalışaraq mübadilə prosesinin “blokdan çıxarılmasına” cəhd edəcək.
Ali Radanın deputatı Aleksey Qonçarenko da Umerovun geri dönəcəyinə şübhə etdiyini açıqlayıb.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi isə ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Rüstəm Umerovun Ukraynaya qayıtmaqdan imtina etməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, Umerov hazırda əvvəlcədən planlaşdırılmış rəsmi səfər çərçivəsində ABŞ-də səfərdədir. O, orada Ukraynaya beynəlxalq dəstəyin gücləndirilməsinə yönəlmiş bir sıra işgüzar görüşlər və məsləhətləşmələr aparır.
Qurumun açıqlamasında qeyd olunub ki, Rüstəm Umerov dövlət rəhbərliyi ilə daimi işgüzar əlaqədədir, ona tapşırılan bütün vəzifələri icra edir və təhlükəsizlik, müdafiə və humanitar siyasətlə bağlı əsas məsələlər üzərində işləməyə davam edir.
Bundan əvvəl isə “Clash Report” nəşri Umerovun guya Ukraynaya qayıtmaq istəmədiyi və bu barədə prezidentə məlumat verdiyi iddiasını yaymışdı.
Xatırladaq ki, 10 noyabrda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) energetika sahəsində genişmiqyaslı korrupsiya əməliyyatı keçirdiyini bildirmişdi. Büro axtarışlar zamanı götürülən böyük məbləğdə xarici valyutanın fotoşəkillərini də paylaşmışdı. Umerovun adı Zelenskinin korrupsiya ilə mübarizə siyasətinin fonunda gündəmə gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər