Ümmügülsüm məktəbə getmirmiş... - Video

ummugulsum-mektebe-getmirmis
Oxunma sayı: 3434

Bəzən həyat insanı ən çətin sınaqlarla üz-üzə qoyur. Amma elə insanlar var ki, bu sınaqları uğura çevirə bilir. 

“Qafqazinfo” xəbər verir ki, Biləsuvardan olan məktəbli Ümmügülsüm də məhz belə qəhrəmanlardandır.

Cəmi 10 yaşı olan Ümmügülsüm Nasir qızı Ruhullayeva üç ay ərzində 9 medal qazanaraq diqqətləri üzərinə çəkib. Onun uğurunun arxasında isə yalnız istedad deyil, həm də böyük əzm, səbr və mübarizə dayanır.

O, səhhətindəki problemlər səbəbindən yaşıdları kimi məktəbə gedə bilməyib. Amma bu, onun öyrənmək həvəsini zərrə qədər də azaltmayıb. Evdə aldığı təhsil, müəllimlərinin diqqəti və ailəsinin dəstəyi ilə Ümmügülsüm öz yolunu tapıb.

Anası Vəfa xanım deyir ki, qızının fərqli olduğunu hələ onun 4 yaşı olarkən hiss edib. Kiçik yaşlarından riyaziyyata və məntiqə göstərdiyi maraq zamanla daha da aydın görünməyə başlayıb. Müəllimləri də onun bu qeyri-adi qabiliyyətini erkən yaşlardan fərq ediblər.

Hətta birinci sinifdə oxuyarkən yaşı uyğun gəlməsə də, istedadı onu “Kenquru” olimpiadasına aparıb. Məktəbli bu imkandan maksimum yararlanaraq ilk uğurunu qazanıb. Bu isə gələcək böyük nailiyyətlərin başlanğıcı olub.

Bu gün Ümmügülsümün qazandığı 9 medal sadəcə rəqəm deyil. Bu, evdən çıxmadan qurulan bir gələcəyin, məhdudiyyətləri aşan iradənin və sarsılmaz inamın göstəricisidir.

Onun hekayəsi bir daha sübut edir ki, əsl istedad qarşısında heç bir maneə davam gətirə bilməz. Əgər istək varsa, yol da var… Ümmügülsüm isə bu yolu inamla addımlayır...

Ətraflı videoda:

Surxay Şahbazov