Uzun müddət davam edən öskürək ciddi xəstəliyin xəbərçisi ola bilər - Müsahibə

uzun-muddet-davam-eden-oskurek-ciddi-xesteliyin-xebercisi-ola-biler
Oxunma sayı: 23750

Son günlər əhali arasında qrip mənşəli virus xəstəlikləri geniş yayılıb. Həmçinin, payızın gəlişi ilə kəskin-respirator xəstəliklər də tez-tez müşahidə olunur. Daha çox halsızlıq, temperaturun yüksəlməsi, boğaz ağrıları və öskürək kimi simptomlar özünü göstərir. 

“Qafqazinfo” bununla bağlı “Leyla Medical Center”in pulmonoloqu Dr. Əsəd Beydullayevlə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

- Öskürəklə müşayiət olunan xəstəliklərə tez-tez rast gəlirik. Öskürəyin orqanizmə hansı zərəri var?

- Əvvəlcə onu deyim ki, öskürək xəstəlik deyil simptomdur, yəni hər hansı qıcıq faktoruna və ya xəstəliyə bədənin verdiyi cavab reaksiyasıdır. Öskürəyin başlıca funksiyası tənəffüs yollarındakı artıq miqdarda olan sekresiyanı və yad hissəcikləri kənarlaşdırmaqdır. Bununla yanaşı, bəzən öskürəyin olması bizim xəstəliyə erkən müdaxilə etməmizə səbəb olur. Uzun müddət və şiddətli öskürəyə bağlı meydana çıxan qabırğa və qabırğaarası sinirlərin zədələnməsini, refluks şikayətlərinin artmasını, xüsusən xanımlarda qeyri-iradi sidik ifrazını, arterial təzyiqin yüksəlməsini, ard-arda olduğu zaman boğulma hissini öskürəyin zərərləri kimi dəyərləndirmək olar.

- Öskürəyi olan insanlar nəyə diqqət etməlidirlər?

- Öskürək zamanı diqqət edilməli vacib məqamlardan biri öskürəyin nə qədər davam etməsidir. 3 həftəyə qədər olan öskürəklərə kəskin öskürəklər deyilir və bu öskürək adətən viral və bakterial tənəffüs yolu infeksiyaları, xronik-obstruktiv ağ ciyər xəstəlikləri və astmanın kəskinləşməsi, pnevmoniya, kəskin bronxit, kardiak xəstəliklər, tromboemboliya zamanı olur. Xüsusən qeyd etmək istərdim ki, rentgen müayinəsi təmiz olan xəstədə quru öskürəklə yanaşı, səbəbsiz nəfəs darlığı və oksigen miqdarının aşağı olması görülərsə o zaman tromboemboliya xəstəliyi inkar edilməsi üçün müayinələr olunmalıdır.

8 həftədən artıq davam edən öskürəklər xroniki öskürəklər adlanır. Bronxektaziya, refluks, postnazal axıntı sindromu, astma, bəzi hipertoniya əleyhinə dərmanların istifadəsi, ağciyər xərçəngi, ürək çatmazlıqları, interstisial ağ ciyər xəstəlikləri xroniki öskürəyin səbəbi ola bilər.

- Öskürəyin günün hansı saatlarında olması diaqnostikada faydalı ola bilərmi?

- Bəli, xüsusən gənc xanımlarda tozlu yerlərə daxil olunduğu zaman, stres zamanı, ətir və ya digər kəskin qoxular zamanı başlayan öskürək əksər halda allergiya və hiperhəssaslıqla əlaqəli olur. Axşam yerinizə uzanan kimi başlayan, yanaşı  boğulma hissi də olan öskürək - əgər xəstə yaşlı adamdırsa, adətən, ürək çatmazlığı ilə əlaqəli olur. Yatağa uzanandan bir qədər sonra, xüsusən də yatmazdan öncə qida qəbulu olubsa başlayan, boğaz qıcıqlanması şəklindəki öskürəklər refluks xəstəliyinə bağlı ola bilər. Astma xəstələrində olan, yanaşı olaraq döş qəfəsində xışıltı və basqı hissi ilə müşayiət olunan öskürəklər əksər halda səhərə yaxın başlayır. Siqaret çəkənlərdə və bronxektaziya xəstələrində adətən səhərlər bol miqdarda bəlğəm ifrazı ilə öskürək müşahidə olunur.

- Öskürək zamanı ciddi xəstəliyin xəbərçisi hansı əlamətlər ola bilər?

- Azərbaycan endemik vərəm ocaqlarından sayıldığı üçün xüsusən insanlarla çox ünsiyyətdə olan gənclərdə səbəbsiz çəki azalması və gecə tərləmələri ilə müşayiət olunan öskürək olarsa, öncə vərəm xəstəliyi haqda düşünülməlidir. Əgər yaşınız 50-nin üzərindədirsə və uzun illərdir siqaret çəkirsinizsə, sizdə başlamış səbəbsiz halsızlıq, iştahsızlıq, çəki azalması, bəlğəmdə qan izlərinin olması və öskürək intensivliyinin azalmaması ağciyər xərçəngi şübhəsini yaradır. Körpə uşaqlarda xüsusən xırda oyuncaqlarla oynadığı zaman qəflətən meydana gələn öskürək, boğulma hissi, sinədə fitverici xırıltı, uşağın rənginin göyərməsi kimi hallar olarsa, tənəffüs yollarının yad cismi düşünülməlidir və təcili həkimə müraciət edilməlidir.

- Oxucularımıza hansı tövsiyələriniz olacaq?

- Bütün oxucularımıza demək istəyirəm ki, əgər onlarda öskürək bəlğəmlidirsə, öskürək kəsən dərmanlardan istifadə etməsinlər, bol maye içərək öskürəyin drenajını rahatlatsınlar. Unutmasınlar ki, ən gözəl bəlğəmgətirici adi təmiz sudur. Siqaret aludəçisi olan bütün oxucularımıza ən tez zamanda bu ciddi asılılıqdan uzaqlaşmağı tövsiyə edirəm. Unutmasınlar ki, siqaretin ağciyərə vurduğu zərəri yalnız siqretdən uzaqlaşmaqla durdurmaq olar. Bütün oxucularımıza sağlam nəfəs arzulayıram.