Vaqif Həsənov oktyabr ayında səyyar qəbullar keçirib - Fotolar

vaqif-hesenov-oktyabr-ayinda-seyyar-qebullar-kecirib
Oxunma sayı: 353

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayon sakinləri ilə mütəmadi keçirdiyi səyyar görüş-qəbullar dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, əhalinin problemlərinin öyrənilməsi və onların həlli istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq, oktyabr ayı ərzində Əhmədağalı, İmamqulubəyli və Gül Baharlı kəndlərində, eləcə də Yeni İmamqulubəyli qəsəbəsində sakinlərlə səyyar görüşlər təşkil olunub.

Görüşlərin əsas məqsədi vətəndaşların müraciətlərini birbaşa dinləmək, onları narahat edən məsələləri yerində araşdırmaq və mümkün problemlərin operativ həllinə nail olmaqdır.

Keçirilən görüşlər zamanı sakinlərin sosial və məişət problemləri, kənd və qəsəbədaxili yolların vəziyyəti, içməli və suvarma suyu təminatı, yeni subartezian quyularının qazılması, məşğulluq və maddi yardım məsələləri geniş müzakirə edilib. Eyni zamanda, rayon ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə əhaliyə ətraflı məlumat verilib.

Oktyabr ayında keçirilən səyyar qəbullar zamanı 18 vətəndaş tərəfindən ümumilikdə 25 məsələ qaldırılıb. Müraciətlərin 13-ü yerində həllini tapıb, 7 məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, 4 məsələ üzrə qanunvericiliyin tələblərinə uyğun izahat təqdim olunub, 1 məsələ ilə əlaqədar isə digər dövlət qurumuna müraciət ünvanlanıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov sakinlərin müraciətlərini diqqətlə dinləyərək, qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verib və onların icrasını nəzarətə götürüb.

Vaqif Həsənov çıxışlarında Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin ardıcıl icrasının, vətəndaş məmnunluğunun təmin edilməsinin və əhalinin problemlərinə həssas yanaşılmasının dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, sakinlərlə birbaşa ünsiyyətin mövcud problemlərin daha düzgün qiymətləndirilməsinə və onların həlli üçün çevik qərarların qəbul edilməsinə imkan yaratdığını qeyd edib.

Bu cür səyyar görüşlərin mütəmadi keçirilməsi Ağdam rayonunda həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, problemlərin yerində öyrənilməsi və həlli istiqamətində konkret addımların atılması dövlət orqanlarına ictimai etimadın gücləndirilməsinə də töhfə verir.

Görüşlərdə iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.