“Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır”

veten-sevgisi-onun-dasina-yazmaqda-deyil-dasini-qorumaqdadir
Oxunma sayı: 285

“Tarixi abidələrin mühafizəsi hər bir dövlətin başlıca vəzifəsidir. Azərbaycan da bu baxımdan istisna deyil və üzərinə düşən bu vəzifəni dövlət olaraq ən yüksək səviyyədə yerinə yetirməyə çalışır”.

“Qafqazinfo” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl deyib.

O qeyd edib ki, xüsusən işğaldan azad olunmuş Qarabağda tarixi abidələrin mühafizəsi təkcə dövlətin deyil, həm də vətəndaşların vəzifəsidir.

“İlk növbədə ona görə ki, bu torpaqların azad olunması üçün minlərlə şəhid vermişik. İkincisi, 30 il ərzində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələrimizə qarşı törətdiyi vandalizmlə bağlı dünyaya haray salmışıq.

Bütün bunlardan sonra kimlərinsə Şuşada və digər bölgələrimizdə tarixi abidələrin və qayaların üzərinə müxtəlif adlar yazması, hətta həmin adlar əziz şəhidlərimizin olsa belə, ən azı ictimai davranışa ziddir. Çünki Azərbaycan dövləti də, xalqı da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün yetərincə işlər görür.

Bu görülən işlərə qeyri-estetik yazılar və görüntülərlə xələl gətirməyə isə ehtiyac yoxdur. Unutmaq lazım deyil ki, vətənpərvərliyin ölçüsü bu cür davranışlar deyil, Vətənin hər daşını göz bəbəyi kimi qorumaqdır”.

Tarixçi-alim qeyd edib ki, Şuşaya və Qarabağın digər bölgələrinə azərbaycanlılarla yanaşı, əcnəbilərin də səfər etdiyi nəzərə alınmalıdır: “Bu baxımdan biz tarixi abidələrimizə də, təbiətimizə də münasibətdə nümunəvi ictimai davranış sərgiləməliyik ki, əcnəbilər bizdən nümunə götürsünlər. Əks halda, qayalara yazılan şəhid adlarının yanında əcnəbi adlarını da görə bilərik”.