“Vətəndaşlar azad olunmuş ərazilərdəki evlərini özləri tiksin” - Yenilənib

vetendaslar-azad-olunmus-erazilerdeki-evlerini-ozleri-tiksin
Oxunma sayı: 1477

Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. 

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür - evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır: “Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir.

Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb. 

Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”.

***

Mövzu ilə bağlı deputat Vüqar Bayramov da fikirlərini bölüşüb: “Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu, ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir.

Xəbəri rus dilində oxuyun: Депутат: Переселенцы должны сами строить свои дома

İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Nəzərə alsaq ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir. 

İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir”.

Spiker Sahibə Qafarova da əlavə edib ki, bu gün Qarabağda dövlət tərəfindən qurulmuş model özünü çox doğruldur: “Qarabağa heç kim zorla köçürülmür”.

Nuranə Daxilqızı