“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında “Benfika” üzərində qələbədən (1:0) sonra qalmaqallı insidentlə bağlı açıqlama verib.
“Qafqazinfo”nun xəbərinə görə, o, komanda yoldaşı Vinisius Juniorun irqçi təhqirə məruz qaldığını bildirib.
Mbappenin sözlərinə görə, Vinisius qol vurduqdan sonra rəqs edib və bundan sonra meydanda gərginlik yaranıb. Hücumçu iddia edib ki, “Benfika”nın 25 nömrəli futbolçusu Vinisius barədə “meymun” ifadəsini beş dəfə işlədib.
“Bu, qəbuledilməzdir. Mən bunu çox aydın eşitdim. Belə davranışa yol vermək olmaz. Bu oyunçu artıq Çempionlar Liqasında oynamağa layiq deyil”, - ulduz futbolçu bildirib.
O qeyd edib ki, stadionda təxminən 70 min azarkeş olsa da, ümumiləşdirmə aparmaq düzgün deyil və məsələ konkret şəxslə bağlıdır. O əlavə edib ki, komanda yoldaşını meydanda tək qoymaq istəməyiblər və birlik nümayiş etdiriblər.
Mbappe baş məşqçi Joze Mourinyonun vəziyyəti anlamağa və sakitləşdirməyə çalışdığını deyib:
“O, bu cür halları heç vaxt qəbul etməyəcəyini bildirdi”.
Futbolçu vurğulayıb ki, irqçiliklə bağlı məsələlərdə “sıfır tolerantlıq” prinsipi tətbiq olunmalıdır:
“Əgər bu cür hallara göz yumsak, futbolun dəyərləri heç bir məna daşımayacaq”.
Son xəbərlər
Son Xəbərlər