Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyə səfiri Birol Akgünlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, “Baykar” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir.
Müzakirələr zamanı tərəflər hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Son Xəbərlər