Xaricdə yaşayan azərbaycanlı gənc Bakıda praktik makiyaj təlimləri keçirdi - Fotolar

xaricde-yasayan-azerbaycanli-genc-bakida-praktik-makiyaj-telimleri-kecirdi
Oxunma sayı: 447

Makiyaj üzrə tanınmış məzmun yaradıcısı Günay Həsənova Bakıda “Master Your Makeup” adlı praktik makiyaj təlimləri keçirib.

“Qafqazinfo” xəbər verir ki, ikigünlük tədbir makiyaja marağı olan, gündəlik makiyajını daha düzgün və peşəkar şəkildə etməyi öyrənmək istəyən xanımları bir araya gətirib. 

Master-klasın əsas məqsədi iştirakçılara yalnız makiyaj prosesini nümayiş etdirmək deyil, makiyaj texnikasının məntiqini izah etmək və onları gündəlik həyatda öz üzlərində düzgün tətbiq etməyi öyrətmək olub.

Tədbirin hər iki günü fərqli texnikalar və makiyaj görünüşü ilə keçirilib. Birinci gün əsas diqqət sağlam və parlaq görünən dəri, dərinin düzgün hazırlığı və parıltılı göz makiyajına yönəldilib. İkinci gün isə iştirakçılar üçün daha ifadəli, müxtəlif tədbirlərdə istifadə oluna biləcək gecə glam makiyaj görünüşü barədə geniş izahat verilib. İki gün ərzində real model üzərində makiyaj prosesinin nümayiş edilməsi, iştirakçıların hər birinin işinə fərdi düzəlişlər olunması və təlim prosesində çoxsaylı sualların cavablandırılması iştirakçıların razılığına səbəb olub.

Növbəti payız-qış mövsümündə xanımların makiyaj zamanı nələrə üstünlük verməsi, rəng seçimi və digər mövzularda interaktiv müzakirələr təlimin daha maraqlı və anlaşıqlı təşkilinə imkan yaradıb. 

Təlimlərdə hər bir iştirakçı master-klasın tərəfdaşları olan markaların məhsullarından istifadə edib, sonda həmin məhsullar iştirakçılara hədiyyə olunub.

Məlumat üçün deyək ki, Romada yerləşən “Istituto Europeo di Design” Universitetində “Fashion Design” üzrə bakalavr, daha sonra “Rome Business School”da “Fashion Management üzrə magistr dərəcəsi alan Günay Həsənova 12 ildir ki, xaricdə yaşayır. Bununla belə son illərdə makiyaj və gözəllik mövzusunda yaratdığı məzmunla Azərbaycan və Türkiyə sosial media auditoriyası arasında geniş izləyici kütləsi formalaşdırıb. O, sosial media platformalarında makiyaj transformasiyaları, gözəllik məhsulu icmalları, makiyaj texnikaları və başqa yaradıcı işlər paylaşır, müxtəlif obrazlardan və sənət əsərlərindən ilhamlanaraq yaratdığı makiyaj transformasiyaları ilə tanınır. 

Günay Həsənova Bakıda ikigünlük “Master Your Makeup” layihəsi həyata keçirməklə xarici ölkələrdə illər ərzində formalaşdırdığı makiyaj təcrübəsini və praktiki biliklərini real auditoriya ilə bölüşməyə, xanımlara, xüsusən gənc qızlara makiyaja daha yaradıcı yanaşma təcrübəsi aşılamağa çalışıb. 

Əlli nəfərə yaxın xanımın iştirak etdiyi master-klas iştirakçılara müvafiq təlim sertifikatlarının təqdim olunması ilə başa çatıb.