Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Xəzər rayonu ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Xəzər Rayon İcra Hakimiyyətinin və Dendrologiya bağının birgə təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sol hissəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, YAP Xəzər rayon təşkilatının rəhbərliyi, Dendrologiya Bağının rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilatların və ictimai birliklərin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən 300 ədəd eldar şamı və sərv ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət oldu.