“Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq”

xezerde-suyun-seviyyesinin-davamli-azalmasindan-narahatiq
Oxunma sayı: 363

“2030-cu ilədək Gündəliyinə yanaşmamızın digər mühüm sütunu dayanıqlı şəhərsalmadır. Dayanıqlı şəhərlər həyat keyfiyyətinin yüksəldilməsi, icmaların gücləndirilməsi və inklüziv iqtisadi və sosial inkişafın təşviqi üçün zəruridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu baxımdan, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsi qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verib: “Forumun yekununda qəbul olunmuş “Bakı Fəaliyyətə Çağırış” və “Sədrin Xülasəsi” kimi əsas sənədlər nəticə etibarilə bu ilin iyul ayında Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icmalına həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclasına öz töhfəsini verib.

Eyni zamanda, ətraf mühitin qorunması mühüm milli və regional prioritet olaraq qalır. Biz xüsusilə, regionda biomüxtəliflik, əhalinin yaşayış şəraiti və iqtisadi fəaliyyət üçün ciddi nəticələri özündə ehtiva edən, Xəzər dənizində suyun səviyyəsinin davamlı azalmasından narahatıq. Bu, bütün Xəzəryanı dövlətlərin qarşılaşdığı ortaq çağırış olaraq, əlaqələndirilmiş, kollektiv və davamlı cavab tədbirləri tələb edir”.