Xorvatiyanın Dubrovnik Universitetinin Marketinq, tədris proqramları və tələbələrə dəstək ofisinin rəhbəri Marijana Lujo Azərbaycan Universitetində bir həftəlik inzibati heyət mübadiləsində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Marijana Lujo həftə ərzində Beynəlxalq əlaqələr, Keyfiyyət təminatı və Tədris şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, fikir mübadilələri və müzakirələr aparılıb. Müzakirələrdə qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub.
Marijana Lujo təcrübə mübadiləsinin son günündə müxtəlif struktur bölmələri təmsil edən heyət üzvləri ilə görüşüb. Görüşdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin əməkdaşı Sevlan Qurbanova, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Tədris şöbəsinin müdiri Leyla Ağamaliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev və Azərbaycan Universitetinin bir qrup Erasmus tələbəsi iştirak edib.
Görüşdə Marijana Lujo Dubrovnik Universiteti haqqında qısa təqdimatla çıxış edib, ona ünvanlanan sualları cavablandırıb.
Görüşdə marketinq və informasiya texnologiyaları sahələrində beynəlxalq ikili diplom proqramlarının yaradılması, birgə elmi tədqiqatların aparılması kimi istiqamətlərdə müzakirələr də aparılıb.