Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı

yamal-mbappe-ve-keyne-soz-atdi
Oxunma sayı: 447

“Barselona” klubunun 19 yaşlı hücumçusu Lamin Yamal “Qızıl top” uğrunda mübarizə ilə bağlı iddialı bəyanatlar verərək yenidən diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Movistar Plus” kanalında Xorxe Valdano ilə müsahibədə ispaniyalı futbolçu “Bavariya”nın bombardiri Harri Keynə qarşı sərt mesajlar ünvanlayıb.

Yamal futbolun ən nüfuzlu fərdi mükafatının sadəcə ən çox qol vuran şəxsə deyil, əksinə, meydanda ən yaxşı oyunu nümayiş etdirən oyunçuya verilməli olduğunu bildirib:

“Düşünürəm ki, “Qızıl top”u dünyanın ən yaxşı futbolçusu almalıdır, vəssalam. Mükafat 80 qol vuran oyunçuya verilməməlidir, çünki bunun üçün artıq “ən yaxşı bombardir” mükafatı mövcuddur. Bunlar tamamilə fərqli anlayışlardır. Dünyanın ən yaxşısı hər zaman ən çox qol vuran şəxs deyil. Ən yaxşı o futbolçudur ki, onun oyununa baxarkən sadəcə zövq alırsan və onun digərlərindən aydın şəkildə fərqləndiyini görürsən. Mən və Mbappe dünyanın iki ən yaxşı futbolçusuyuq, lakin düşünürəm ki, bu il bu mükafata məhz mən layiqəm. Bu mənim üçün tam aydındır və futbola baxan hər kəs bunu bilir”, – deyə Yamal vurğulayıb.

Bir çox futbol mütəxəssisləri isə Yamalın bu sözlərini ötən mövsüm “Bavariya” və İngiltərə milli komandası heyətində bütün turnirlərdə 73 qola imza ataraq “Qızıl buts”a layiq görülən Harri Keynə birbaşa atmaca kimi qiymətləndiriblər.

Lamin Yamalın sözügedən qalmaqallı bəyanatlarına “Bavariya”nın idman direktoru Maks Eberl də cavab verib. “Sky Sport Germany” nəşrinə danışan Eberl ispaniyalı gəncə ironik reaksiya verib:

“Əlbəttə, onun özünə belə PR kampaniyası aparması lazımdır. Lakin ən yaxşılar elə futbolçulardır ki, onların bu cür PR kampaniyalarına heç bir ehtiyacı yoxdur”.

Xatırladaq ki, ötən mövsüm “Barselona” ilə La Liqa çempionu olan Yamal keçirdiyi 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin İspaniya millisi ilə Dünya Çempionatının qalibi olub.