YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - Fotolar

yap-beyleqan-rayon-teskilatinin-xii-konfransi-kecirildi
Oxunma sayı: 373

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının XII hesabat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının hesabat dövründə gördüyü işlər, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. 

O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən xalqın və dövlətin maraqlarına xidmət edən siyasi xəttə sadiq qalaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Müşfiq Səfərov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixindəki misilsiz xidmətlərindən bəhs edib, Ümummilli Liderin siyasi irsinin Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Beyləqan RİH başçısı Əziz Əzizov çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında mühüm və aparıcı mövqeyə malik olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə əsaslanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlətçilik siyasəti ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi tərəqqisinə və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə şərait yaradıb. Rayon rəhbəri Beyləqanda həyata keçirilən sosial-iqtisadi və abadlıq-quruculuq tədbirlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

RİH başçısı şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, şəhidlərin əziz xatirəsinin daim uca tutulması, onların ailələrinə göstərilən diqqətin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Beyləqan rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonda yerləşən
ziyarətgah ərazisində Şəhidlər abidəsinin inşası sürətlə davam etdirilir və abidənin yaradılması şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi kimi xüsusi məna daşıyır.

Milli Məclisin deputatı Şahin İsmayılov çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik tarixində mühüm yer tutduğunu qeyd edib. O bildirib ki, partiyanın yaradılması ölkəmizin siyasi tarixində əlamətdar hadisələrdən biri olmaqla, xalqın vahid siyasi iradəsinin ifadəsinə çevrilib. Deputat Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin reallaşdırılmasında fəal rol oynadığını, partiyanın sıralarında birləşən insanların ölkənin inkişafına öz töhfələrini verdiklərini vurğulayıb.

Konfransda Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında partiyanın fəaliyyətinin əhəmiyyətindən danışıb. Etibar İmanov rayon ağsaqqallarının ictimai həyatda fəal iştirak etdiyini, dövlət və xalq qarşısında mühüm xidmətləri olan insanların təcrübəsinin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev çıxışında Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti barədə fikirlərini bölüşüb. O, ərazi partiya təşkilatlarında işin daha səmərəli qurulmasının, partiya üzvlərinin ictimai fəallığının artırılmasının və təşkilati fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyini qeyd edib. F.Nəbiyev rayon təşkilatının qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirərək, gələcək fəaliyyət üçün qarşıda duran əsas istiqamətlərdən danışıb.

Konfransda YAP Beyləqan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.