Yardımlıda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev və Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Fizuli Babayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə bir sıra fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirib.
Sonra rayon icra hakimiyyətində Dövlət Proqramının icrası ilə bağlı RİH başçısı yanında yaradılmış Qərargahın üzvlərinin, kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatlar müzakirə olunub.
Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev rayonun aqrar potensialının daha dolğun şəkildə reallaşdırılmasının vacibliyini qeyd edib. O, bildirib ki, kənd təsərrüfatında istehsalın artırılması ilə yanaşı, təsərrüfatların texniki və texnoloji imkanlarının gücləndirilməsi, resurslardan qənaətlə istifadə və müasir idarəetmə üsullarının tətbiqi aqrar sahənin davamlı inkişafına mühüm töhfə verə bilər. A.Xamiyev rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin fəaliyyətinin dəstəklənməsinin, onların mövcud dövlət mexanizmlərindən düzgün və səmərəli istifadə etməsinin, həmçinin təsərrüfatların inkişafına mane olan məsələlərin aidiyyəti üzrə həllinin diqqətdə saxlanılmasının önəmli olduğunu vurğulayıb. A. Xamiyev rayonun dağlıq relyefini və özünəməxsus iqlim şəraitini nəzərə alaraq, xüsusilə taxılçılıq, intensiv bağçılıq, heyvandarlıq və arıçılıq sahələrində mövcud potensialın tam reallaşdırılmasının vacibliyini önə çəkib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. Dəyanət Abdullayev vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqin sözlərinə görə, bu strateji hədəflər Yardımlı rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov çıxışında bildirib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində əsas məqsədlərdən biri sahibkarlığın və kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsidir. Bu istiqamətdə subsidiyaların, güzəştli kreditlərin və digər dəstək mexanizmlərinin genişləndirilməsi fermer və sahibkarların fəaliyyətinə mühüm töhfə verəcəkdir. Dövlət dəstəyi hesabına istehsalın artırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların tətbiqi və regionların iqtisadi potensialından səmərəli istifadə təmin olunacaq və əsas hədəf göstərilən dəstək mexanizmlərindən səmərəli istifadə etməklə dayanıqlı iqtisadi inkişaf və sahibkarlıq mühiti daha da gücləndiriləcəkdir.
Tədbirdə çıxış edən fermer və sahibkarlar onlara göstərilən qayğıya və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edib, Dövlət Proqramının icrası ilə bağlı yeni layihə və hədəflərindən danışmış, qarşılaşdıqları problemləri sadalamışlar. Müzakirələrdə fermer və sahibkarların müraciət və təklifləri dinlənilib.















