Yardımlıda Zəfər Günü münasibətilə bayram konserti - Fotolar

yardimlida-zefer-gunu-munasibetile-bayram-konserti
Oxunma sayı: 543

Yardımlı rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram konserti təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Daha sonra müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov iştirakçıları Zəfər bayramı münasibətilə təbrik edib. İcra başçısı Vətən müharibəsində qazanılan tarixi qələbədən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və rəşadətdən söz açıb. O vurğulayıb ki, 8 Noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezidentin dəmir iradəsi və ordumuzun yenilməz gücü qarşısında düşmən diz çökməyə məcbur olub, 30 illik torpaq həsrətinə son qoyularaq ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Mədəni-kütləvi tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin, musiqi kollektivlərinin, həmçinin gənc istedadların hazırladığı geniş bayram konserti ilə davam etdirilib. Proqramda rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından və qazanılan tarixi qələbədən bəhs edən vətənpərvərlik ruhunda mahnılar, melodiyalar və ədəbi-bədii kompozisiyalar yer alıb. Nümayiş olunan musiqi nömrələri, gənclərin və məktəblilərin ifasında səslənən qələbə nəğmələri, eləcə də xalq rəqsləri rayon sakinləri, şəhid ailələri və müharibə iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra tədbir ziyafət süfrəsi ilə davam etdirilib.