“Yarımstansiyaya yaxın yerdə tikilir, gecə ilə ağaclar da kəsilib” - Foto

yarimstansiyaya-yaxin-yerde-tikilir-gece-ile-agaclar-da-kesilib
Oxunma sayı: 1193

Bakı şəhərinin Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ərazidə aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən sakinlər iddia edirlər ki, “VİP Construction” MMC tərəfindən həyata keçirilən tikinti zamanı çoxsaylı ağaclar kəsilib və bu hal aidiyyəti qurumlara bildirilib, tədbir cavabı olaraq da dəfələrlə cəzalandırıldığı deyilib.  

Şikayətçilərin sözlərinə görə, aprelin 16-sı tikinti aparılan ərazidə yerləşən bəzi ağaclar gecə saatlarında kəsilib. Hazırda isə ərazidəki digər ağaclar da kəsilmə təhlükəsindədir. Belə ki, tikinti materialları və dəmir konstruksiyalar ağacların üzərindən daşınır, bu da onların məhv olma riskini artırır.

Bildirilib ki, digər narahatedici məqam tikintinin aparıldığı ərazinin elektrik yarımstansiyasına yaxın olmasıdır. İddialara əsasən, bina yarımstansiyaya təxminən 10-15 metr məsafədə inşa olunur ki, bu da təhlükəsizlik baxımından təşviş doğurur.

Vətəndaşlar qeyd ediblər ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə də müraciət olunub və qurum tərəfindən cavab olaraq tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildiyi vurğulanıb.

Mövzu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində ağacların kəsilməsi ilə bağlı xidmətə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Araşdırma zamanı “VİP Construction” MMC tərəfindən sözügedən ərazidə tikinti işləri aparılan zaman çoxgövdəli iki ağacın gövdələrindən ikisinin kəsilməsi nəticəsində ağacların zədələndiyi, lakin bioloji inkişafdan qalmadığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Ərazidəki digər ağaclar inventarlaşdırılaraq identifikasiya nömrələri ilə işarələnib və agac.az portalına yerləşdirilib.

Eyni zamanda, MMC-nin hüquqi şəxs qismində cərimə olunması məqsədilə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə MMC 3000 manat məbləğində cərimə edilib.

Xəbəri rus dilində oxuyun: Опасная стройка в Баку: вырубка деревьев и стройка у подстанции - ФОТО

Əraziyə keçirilən növbəti baxış zamanı 1 ağacın kəsildiyi müəyyən olunub. “VİP Construction” MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə qanunamüvafiq tədbirlər görülür”.

Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində “V.İ.P. Construction” MMC tərəfindən inşa edilən 2 girişli, 1 səviyyəli zirzəmi, kürsü mərtəbəsi, 16+ texniki mərtəbəli yaşayış binalarının (Blok-A və Blok-B) tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 22.12.2021-ci il tarixli Tİ-119/21 nömrəli icazə sənədi verilib.

Yaşayış binalarına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 02.03.2021-ci il tarixli 30981 nömrəli ekspertiza rəyi verilib.

Yaşayış binaları üçün 13.01.2023-ci il tarixli 0011 və 0012 nömrəli “Tikintidə Dövlət Nəzarət Jurnal”ları açıllb və və həmin tarixdən etibarən FHN-in Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintinin layihəyə uyğun aparılmasına nəzarət edilir.

Hazırda Blok A-da tamamlama işləri görülür. Blok B-nin 1-ci mərtəbəsində isə sütunların və diafraqmaların qəliblənməsi işləri davam edir”.

Tikintinin yerləşdiyi ərazinin elektrik yarımstansiyasına yaxınlığı barədə Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Lamiyə Məmmədova