Yasamalda Ağsaqqallar Şurasının konfransı keçirilib - Fotolar

yasamalda-agsaqqallar-surasinin-konfransi-kecirilib
Oxunma sayı: 651

Yanvarın 13-də Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov və Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və digərləri iştirak edib.

RİH başçısı bildirib ki, Azərbaycanda Ağsaqqallar Şurası hələ 1989-cu ildə təsis edilib, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb: “1990-cı ildən də Yasamal rayonu Ağsaqqallar Şurası fəaliyyət göstərir və qurumun hazırda 2000-nə yaxın üzvü var. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

90-cı illərin əvvəlində ölkəmizdə hərc-mərclik baş qaldıranda bizim ziyalı və ağsaqqallar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. O zaman Azərbaycanı bu bəlalardan məhz Ulu Öndər Heydər Əliyev qurtardı”.

Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov tərəfindən konfransın gündəliyi səsə qoyulub və qəbul edilib. Gündəlikdə əsas məsələlər Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi, təşkilatın İdarə Heyətinin və Təftiş Komissiyasının yenidən formalaşdırılması olub.

İdarə Heyətinin üzvü, sədr müavini, tarix elmləri doktoru, professor, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov Yasamal Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib.

Açıq səsvermə yolu ilə Yasamal Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev və dövlət qulluğu təqaüdçüsü Cumar İsayev sədr müavini vəzifəsinə seçiliblər.

Yasamal RİH başçısı Elşad Həsənov və digər natiqlər Fuad Məmmədova, eləcə də yeni seçilən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.