“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Təhsil millətin gələcəyidir!” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edib.
Bəxtiyar Nəbiyev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününün əhəmiyyətindən danışaraq müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib.
Elşad Həsənov müəllimləri təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə xüsusi önəm verib və “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elm və təhsilin inkişafına böyük diqqət göstərildiyini, son 20 il ərzində ölkədə 3600 məktəbin tikildiyini və əsaslı təmir olunduğunu qeyd edib. Eyni zamanda Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğu vurğulanıb.
RİH başçısı Yasamal rayonunda təhsil sahəsində əldə olunan nəticələrə də toxunaraq bildirib ki, son üç ildə məzunların ali məktəblərə qəbulunda artım dinamikası müşahidə olunur. 2025–2026-cı tədris ili üzrə rayonda 3000-dən çox məzun olub, onların 72 faizi ali məktəblərə qəbul olunub. Bu nəticələrin əldə olunmasında müəllimlərin əməyinin xüsusi rol oynadığını vurğulayan Elşad Həsənov müəllimliyi böyük missiya adlandırıb.
Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan uğurlar diqqətə çatdırılıb.Sonda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və partiyada ictimai-siyasi fəaliyyəti ilə fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Son xəbərlər
Son Xəbərlər