Şəhərsalma və Memarlıq İli çərçivəsində irəli gələn hədəflərə uyğun olaraq, Yasamal rayonunda genişmiqyaslı abadlıq-quruculuq və şəhərsalma tədbirlərinin icrası davam edir.
“Qafqazinfo” xəbər verir ki, Yasamal İH tərəfindən aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində rayonun müxtəlif ərazilərində infrastrukturun yenilənməsi, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, yol təsərrüfatının müasirləşdirilməsi və memarlıq görünüşünün yaxşılaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.
Görülən işlər çərçivəsində rayonun bir sıra küçə və prospektlərində asfalt örtüyü yenilənib, yol örtüyünün deformasiyaya uğramış hissələri əsaslı təmir edilib, piyada səkiləri bərpa olunub, yeni səki daşları və bordürlər quraşdırılıb. Bununla yanaşı, məhəllədaxili yolların abadlaşdırılması, yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində də zəruri tədbirlər görülür.
Rayonun yaşayış məhəllələrində abadlıq-quruculuq işləri davam edir, həyətlərdə yeni oturacaqlar, işıqlandırma dirəkləri, əlavə zibil konteynerləri quraşdırılıb, istirahət guşələri yaradılıb. Uşaq və idman meydançalarının yenilənməsi, mövcud infrastrukturun müasir tələblərə uyğunlaşdırılması sakinlərin asudə vaxtının daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Yasamal Rayon İcra Hakimiyyəti bundan sonra da rayonun sosial-iqtisadi inkişafı, şəhərsalma mühitinin təkmilləşdirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və sakinlərin rahat yaşayışının təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.





Son xəbərlər
Son Xəbərlər