Tanınmış teleaparıcı Yelena Sidorenkonun evi qarət olunub.
“Qafqazinfo” xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, işıq sayğacının sındırıldığını və əşyalarının oğurlandığını iddia edib.
“Şəhərdə olmadığımız dövrdə, təxminən iki gün ərzində hiss etdik ki, Ləhiş bağlarında yerləşən bağımızda kameralar işləmir. Qayıdan kimi yoldaşım bağa baş çəkib. Görüb ki, oğrular işıq sayğacını qırıblar, nəticədə kameralar işləməyib. Evə girib kondisioneri, kombini və samovarı oğrayıblar. Masanı qoyaraq darvazanın, hasarın üstündən onları daşıyıblar. Təbii ki, biz 102-yə məlumat vermişik.
Bu məsələ məni çox narahat etdi. Çünki mən elə vaxt olub ki, orada anamla, uşağımla tək qalmışam. Bu gün çox narahatam, çünki bu qorxulu bir hadisədir. Necə olur ki, ətrafda yaşayış olan bir yerdə oğrular belə sakit, rahat kiminsə bağına girib oğurluq edə bilirlər. İnanıram ki, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırma aparacaq, polis əməkdaşlarının səyləri nəticəsində bizdən oğurlanan əşyalar qaytarılacaq və bunu edən cəzalandırılacaq”, - o vurğulayıb.
Jurnalistin sözlərinə görə, məlumatı paylaşdıqdan bir neçə dəqiqə sonra DİN-in Mətbuat Xidmətindən onunla əlaqə saxlanılaraq məsələnin nəzarətə götürüldüyü bildirilib.
***
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ araşdırılır və nəticəsi barədə məlumat veriləcək.