“Azərişıq” ASC-nin təşkilatçılığı əsasında “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu paytaxtda keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yarışda Bakı şəhərində yerləşən rayonlar üzrə paylayıcı şəbəkələrin energetikləri iştirak ediblər.
110/35/6 kV-luq “BMKZ” yarımstansiyasında baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb.
Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Biləcəri ETSİ”, “Binəqədi RETSİ”, “Xətai RETSİ”, "Xəzər RETSİ”, "Qaradağ RETSİ”, “Maştağa ETSİ”, “Nərimanov RETSİ”, “Nəsimi RETSİ”, “Nizami RETSİ”, “Sabunçu RETSİ”, “Səbail RETSİ”, “Suraxanı RETSİ”, “Yasamal RETSİ” və “Zirə ETSİ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən “Yasamal RETSİ” regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.












Son xəbərlər
Son Xəbərlər