Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunan yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, yeni model üzrə ilk məzunların qəbul nəticələrinə əsasən, məktəbi bitirən 124 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.
Xüsusilə diqqətçəkən məqam isə məktəbin 6 sinfində 100 faizlik nəticənin qeydə alınmasıdır. Belə ki, həmin siniflərdə təhsil alan bütün məzunlar ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.
Əldə olunan nəticələr yeni təmayül tədris modelinin ilk tətbiq olunduğu məktəblərdən birində şagirdlərin ali təhsilə hazırlığının gücləndirilməsi baxımından müsbət nəticə verdiyini göstərir.
Yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə daha məqsədyönlü və səmərəli təhsil almasına şərait yaratmaq, onların seçdikləri ixtisas istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və ali təhsilə hazırlığını gücləndirməkdir.
Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarının nəticələri yeni modelin tətbiqinin ilkin göstəricilərindən biri kimi diqqət çəkir.
Qarşıdakı illərdə modelin tətbiq olunduğu digər məktəblərdə də nəticələrin izlənilməsi və tədris prosesinin əldə olunan göstəricilər əsasında təkmilləşdirilməsi nəzərdə tutulub.










Son xəbərlər
Son Xəbərlər