“Yeni zərbələr fonunda Tehranda danışıqlar davam edir”

yeni-zerbeler-fonunda-tehranda-danisiqlar-davam-edir
Oxunma sayı: 257

ABŞ-nin İrana qarşı yeni zərbələr endirməsi fonunda Tehrana səfər edən Qətər nümayəndə heyəti ölkədə qalmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələdən xəbərdar olan diplomatik mənbə CNN-ə bildirib.

Mənbənin sözlərinə görə, Qətər rəsmiləri çərşənbə günü səhər İran tərəfi ilə danışıqlar aparmaq məqsədilə Tehrana gəlib və hazırda görüşlərini davam etdirirlər.

Daha əvvəl CNN-ə danışan diplomatik mənbə bildirib ki, nümayəndə heyəti ABŞ ilə aparılan məsləhətləşmələrdən sonra Tehrana yollanıb. Məqsəd tərəflər arasında qalan fikir ayrılıqlarını aradan qaldırmaq və diplomatik həll yollarını müzakirə etməkdir.

İran dövlət televiziyası (IRIB) isə səfər çərçivəsində İran-Qətər münasibətləri ilə yanaşı, regiondakı son vəziyyət və İrana qarşı ABŞ-nin hərbi əməliyyatları ilə bağlı diplomatik proseslərin müzakirə ediləcəyini bildirib.

Məlumata görə, tərəflər gərginliyin azaldılması və böhranın diplomatik yollarla həlli imkanlarını da nəzərdən keçirirlər.