Yerdən 23 dəfə ağır nəhəng planet kəşf edildi

yerden-23-defe-agir-neheng-planet-kesf-edildi
Oxunma sayı: 707

Astronomlar Yer kürəsindən təxminən 2,5 dəfə böyük, lakin kütləsi ondan 23 dəfə çox olan qeyri-adi ekzoplanet aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, GJ 523b adlandırılan bu səma cismi yüksək sıxlığı və nəhəng kütləsinə baxmayaraq, qaz nəhənginə deyil, əsasən, qayalı planetə bənzəməsi ilə alimlərin diqqətini çəkib.

NASA-nın TESS kosmik teleskopu və ABŞ-nin Arizona ştatında yerləşən yerüstü teleskopların məlumatları əsasında müəyyən edilən GJ 523b öz ulduzunun ətrafında təxminən 18 günə bir tam dövr edir. Planetin yerləşdiyi sistemin təxminən 170 milyon il yaşı olduğu hesablanır.

GJ 523b-nin xüsusiyyətləri planetlərin formalaşması ilə bağlı mövcud nəzəriyyələr üçün maraqlı suallar yaradır.

Mövcud modellərə görə, Yer kürəsinin kütləsindən təxminən 20 dəfə və daha çox kütləyə malik nüvələrin formalaşması onların ətrafında böyük miqdarda qaz toplamasına və nəticədə Yupiter və Saturn kimi qaz nəhənglərinə çevrilməsinə səbəb olmalıdır. Lakin GJ 523b böyük kütləsinə baxmayaraq, qalın qaz təbəqəsinə malik görünmür və son dərəcə sıx, qayalı quruluşunu qoruyub.

Astronomlar bu qeyri-adi xüsusiyyəti izah etmək üçün bir neçə ehtimal irəli sürürlər.

İlk ehtimala görə, GJ 523b vaxtilə daha qalın atmosferə malik olub, lakin zaman keçdikcə ulduzunun təsiri və digər proseslər nəticəsində bu qaz təbəqəsini itirib.

Digər və daha diqqətçəkən ssenariyə görə isə planet sisteminin formalaşmasının ilk mərhələlərində iki böyük planet toqquşub. Güclü toqquşma nəticəsində planetlərin qaz təbəqələri kosmosa dağılıb və onların nüvələri birləşərək, bugünkü nəhəng və sıx qayalı planeti formalaşdırıb.

GJ 523b astronomların “meqa-Yer” adlandırdığı planetlərə marağı da artırıb. Alimlər bu cür son dərəcə sıx və böyük qayalı planetlərin kainatda nadir istisna, yoxsa ayrıca və hələ kifayət qədər öyrənilməmiş planet sinfi olduğunu araşdırırlar.

Tədqiqat hələ elmi ictimaiyyət tərəfindən nəzərdən keçirilmə mərhələsindədir. GJ 523b-yə bənzər planetlərin daha çox aşkar edilməsi onların necə formalaşması və təkamülü ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.