Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Şəhər İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri rayon ərazisində bir sıra istehsal və emal müəssisələrinə, habelə “Yevlax Pilot Aqropark” MMC, “Azerbaycan Sturgeon House” MMC , “Quşçuluq firma” MMC, “AZERBAİJAN COMPANY FOR POULTRY DEVELOPMENT” MMC, “AGROGREEN” MMC-də və fermer təsərrüfatlarına baxış keçirərək görülən işlərlə yerində tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, tanışlıq zamanı müəssisələrin və fermer təsərrüfatlarının mövcud istehsal imkanları, fəaliyyət istiqamətləri və inkişaf perspektivləri ilə bağlı məlumatlar dinlənilib, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, yeni istehsal güclərinin yaradılması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib.
Balıqçılıq təsərrüfatının yaradılması və yeni meyvə bağlarının salınması nəzərdə tutulan sahələrlə tanışlıq zamanı layihələrin həyata keçirilməsi üçün mövcud imkanlar, infrastruktur təminatı və görülməsi zəruri olan işlər barədə fikir mübadiləsi aparılıb. Aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi və nəzərdə tutulan layihələrin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd olunub ki, Dövlət Proqramının Yevlax rayonunda və regionlarda səmərəli icrasının təmin edilməsi kənd təsərrüfatının inkişafına, istehsal və emal potensialının artırılmasına, yerli məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə, eləcə də məşğulluğun genişləndirilməsinə mühüm töhfə verəcəkdir.
Həmçinin “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini yerlərdə icrasının vəziyyətinin öyrənilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətində yaradılmış qərargahın geniş tərkibli iclası keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi təşkil məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov iclasda çıxış edərək Dövlət Proqramının Yevlax rayonunda icrası istiqamətində görülən işlər, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün mövcud potensial, qarşıda duran vəzifələr və həlli tələb olunan məsələlər barədə ətraflı məlumat verib, Dövlət Proqramının əsas hədəflərinə uyğun olaraq işlərin sürətləndirilməsinin vacibliyi qeyd ediblər.
İclasda iştirak edən fermer və sahibkarlar irəli sürdükləri təşəbbüslər və həyata keçirəcəkləri işlər barədə geniş məlumat veriblər.











Son xəbərlər
Son Xəbərlər