Yevlaxda Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir keçirilib - Fotolar

yevlaxda-qerbi-azerbaycan-irsine-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 609

Yevlax Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsinin öyrənilməsi, tarixi abidələri və adət-ənənələri” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputatlar - Əziz Ələkbərli, Əli Hüseynli, İlham Məmmədov, Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, İcmanın Qadınlar Şurasının sədr müavini Telli Əliyeva, İcmanın mətbuat katibi Lamiyə Əhmədova, İcma Aparatının Yerli icmalarla və nümayəndəliklərlə iş şöbəsinin müdiri Faik Kərimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ziyalıları iştirak ediblər.

İştirakçılar Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini, qədim memarlıq nümunələrini və tarixi abidələrini əks etdirən sərgi ilə tanış olublar.

“Yevlax City Hotel”də davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsinin, qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan ərazisində tarixən formalaşmış maddi və mənəvi irsin, qədim yaşayış məskənlərinin, tarixi abidələrin, toponimlərin, folklor nümunələrinin və adət-ənənələrin tədqiqi milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəhər rəhbəri Qərbi Azərbaycanla bağlı tarixi faktların araşdırılması, sistemləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması, həmçinin bu istiqamətdə görülən işlərin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan irsinin qorunması, öyrənilməsi və sənədləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, Qərbi azərbaycanlıların tarixi yaşayış məntəqələri, tarixi abidələri, məscidləri, qəbiristanlıqları, toponimləri və digər mədəni irs nümunələrinin araşdırılmasının əhəmiyyətini qeyd edib.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini Telli Əliyeva çıxışlarında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsinin, tarixi faktların sistemləşdirilməsinin və elmi araşdırmaların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda, həmçinin tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılmasının və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının bir qrup üzvünə üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.

Tədbirin bədii hissəsində 8-ci Muğam Müsabiqəsinin laureatı, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Sabir Hüseynovun ifasında səslənən musiqi nümunələri, həmçinin “Əməkdar mədəniyyət işçisi” Eldəniz Mustafayevin ifa etdiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.