Polşanın dövlət tərəfindən dəstəklənən enerji şirkəti “Orlen”in Venesueladan milyonlarla barel neft almaq cəhdi yüz milyonlarla dollar itki və genişmiqyaslı istintaqla nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, “Orlen”in İsveçrədə yerləşən ticarət qolu “Orlen Trading Switzerland” (OTS) 2023-cü ilin sonlarında vasitəçilər üzərindən Venesueladan təxminən 6 milyon barel neft almaq barədə razılığa gəlib.
Neftin ümumi dəyərinin təxminən 345 milyon dollar olacağı gözlənilirdi. Lakin OTS tərəfindən vasitəçilərə yüz milyonlarla dollar köçürülsə də, Venesuelanın dövlət neft şirkəti PDVSA gözlənilən ödənişləri almayıb. Razılaşmaya əsasən çatdırılmalı olan neftin isə hamısı göndərilməyib.
Sövdələşmə ABŞ-nin Venesuelanın neft sektoruna qarşı sanksiyaları müvəqqəti yumşaltdığı dövrdə bağlanıb. Bu müddət ərzində OTS-in “Hannon International” adlı vasitəçi şirkətə təxminən 230 milyon dollar göndərdiyi bildirilir.
Bundan əlavə, Dubayda yerləşən “Horizon Global” şirkətinə daha 100 milyon dollar köçürülüb. Buna baxmayaraq, PDVSA gözlənilən ödənişləri almayıb.
Saziş çərçivəsində çatdırılması nəzərdə tutulan xam neft də gəlməyib. Beləliklə, yüz milyonlarla dolların hara və hansı üsullarla köçürüldüyü Polşadakı istintaqın əsas suallarından birinə çevrilib.
Polşa müstəntiqləri pulun ən azı bir hissəsinin hərəkətində kriptovalyuta əməliyyatlarından istifadə olunduğunu düşünürlər.
Əməliyyatlarda xüsusilə ABŞ dollarına bağlı stabilkoinlərdən, o cümlədən USDT-dən istifadə edildiyi güman olunur. Bu üsul vəsaitlərin ənənəvi beynəlxalq bank sistemindən kənarda sərhədlər arasında sürətlə köçürülməsinə imkan verir.
ABŞ sanksiyalarının Venesuelanın ənənəvi maliyyə sisteminə çıxışını məhdudlaşdırdığı dövrdə ölkənin neft ticarətində USDT kimi rəqəmsal aktivlərdən istifadə etməyə başladığı bildirilir.
“Orlen”in maliyyə itkisi yalnız vasitəçilərə göndərilən pullarla məhdudlaşmayıb. Tankerlər Venesueladan neft götürmək üçün çarterə götürülüb. Lakin gəmilər yüklənmədən gözləməli olublar.
“Reuters”in əvvəlki hesabatına görə, gözləyən tankerlərin gündəlik dəyəri təxminən 600 min dollara çatıb.
230 milyon dollarlıq ödəniş “Orlen”in çəkdiyi ümumi zərəri əks etdirmir. Digər ödənişlər, amortizasiya və əlavə xərclər nəzərə alındıqda, Venesuela ilə əlaqəli əməliyyatlardan yaranan ümumi zərərin 400 milyon dolları keçdiyi təxmin edilir.
Hadisə son illərdə Avropanın ən böyük enerji şirkətlərindən birində ən diqqətçəkən korporativ idarəetmə böhranlarından birinə çevrilib.
Son xəbərlər
Son Xəbərlər