Zaqatalada doğuş zamanı körpə ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 31 oktyabr saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Noyabrın 1-i saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.