Braziliya futbolunda qeyri-adi intizam qərarı qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, “İnternasional”ın müdafiəçisi Viktor Qabriel rəqib futbolçu Qabriel Pekin ayağını sındıran müdaxiləyə görə cəzalandırılıb.
Lakin bu dəfə cəza yalnız müəyyən sayda oyunla məhdudlaşmayıb.
Qərara əsasən, Viktor Qabriel zədələnən futbolçu meydana qayıdana qədər heç bir rəsmi matçda iştirak edə bilməyəcək.
Hadisə zamanı Viktor Qabriel Qabriel Pekə qarşı kobud müdaxilə edib. Hakim müdafiəçiyə birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan kənarlaşdırıb.
Daha sonra Qabriel Pekin sol ayağında sınıq aşkarlanıb və futbolçu əməliyyat olunub.
Hadisə ilə bağlı işə Braziliyanın Ali İdman Ədalət Məhkəməsinin (STJD) İntizam Komitəsində baxılıb.
Məhkəmənin qərarına əsasən, Viktor Qabriel rəqibinin bərpa olunaraq, yenidən meydana çıxmasına qədər rəsmi oyunlarda iştirak edə bilməyəcək. Yəni müdafiəçinin cəzasının müddəti onun rəqibinin sağalma prosesindən asılı olacaq.
Qabriel Pekin əməliyyatdan sonra reabilitasiya prosesinin təxminən altı ay davam edəcəyi gözlənilir.
Bu müddət dəyişməz qalarsa, Viktor Qabriel də ən azı altı ay ərzində “İnternasional”ın rəsmi oyunlarında forma geyinə bilməyəcək.


Son xəbərlər
Son Xəbərlər