Zelenskini kim əvəz edə bilər? - 4 mümkün namizəd

zelenskini-kim-evez-ede-biler
Oxunma sayı: 1185

Ukraynada prezident seçkilərinin keçirilməsi və hazırkı Prezident Volodimir Zelenskinin mümkün rəqibləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin “Newsweek” jurnalı hətta gələcək dövlət başçısı postuna iddia edə biləcək dörd şəxsin adını açıqlayıb. 

Siyahıda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı, prezident ofisinin rəhbəri Kirill Budanov, keçmiş müdafiə naziri Mixail Fedorov və ölkənin beşinci prezidenti Petro Poroşenko yer alıb. 

Müzakirələr ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni rəhbərliyə ehtiyac olduğu barədə açıqlamasından sonra daha da intensivləşib. Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının səbəblərindən biri Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələri və enerji bazarındakı vəziyyətlə bağlıdır. Zelenski isə ABŞ nümayəndələri ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. 

Mümkün seçkilərin keçirilməsi halında namizədlər arasında ən yüksək ictimai etimada malik şəxslərdən biri Valeri Zalujnı hesab olunur. Aparılmış rəy sorğularına görə, hazırda respondentlərin 64 faizi Zalujnıya, 53 faizi isə Zelenskiyə etibar etdiyini bildirib.

Bununla belə, mümkün seçkilərin birinci turu üzrə göstəricilər fərqlidir: Zelenskiyə 22,9 faiz, Zalujnıya isə 20,2 faiz dəstək ifadə edilib. Bu rəqəmlər keçmiş baş komandanın ciddi rəqib olduğunu göstərsə də, onun seçkilərdə mütləq qalib gələcəyinə zəmanət vermir.

Digər mümkün namizəd hesab olunan Kirill Budanov 2026-cı ilin yanvarından Ukrayna prezidentinin ofisinə rəhbərlik edir. Onun kəşfiyyat sahəsindəki fəaliyyəti ictimai tanınmasına töhfə versə də, prezident seçkilərində iştirak etmək niyyəti barədə rəsmi açıqlaması yoxdur. Keçmiş müdafiə naziri Mixail Fedorov isə hərbi sahədə rəqəmsal islahatlar və texnoloji layihələrlə tanınır.

Məqalədə qeyd olunan məlumatlara görə, onun ictimai etimad göstəricisi yayda 65 faiz olduğu halda, oktyabrda 38 faizə düşüb. Petro Poroşenko siyasi təcrübəsi və partiya dəstəyi ilə seçilsə də, sorğuda respondentlərin 70 faizi ona etimad göstərmədiyini bildirib.

Ukraynada prezident seçkilərinin keçirilmə tarixi hələ müəyyən edilməyib. Hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinə qanunvericilik məhdudiyyətləri mövcuddur və səsvermənin təşkili üçün təhlükəsizlik, seçki komissiyalarının fəaliyyəti, xaricdə yaşayan vətəndaşların, eləcə də hərbçilərin iştirakı kimi məsələlər həll edilməlidir. Zelenski Rusiya Prezidenti Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkəsinin atəşkəs deyil, uzunmüddətli sülh istədiyini, seçkilər keçiriləcəyi təqdirdə, Putinin seçki günü Ukraynaya zərbələrin dayandırılması barədə göstəriş verməyə hazır olacağını söyləyib. 

Bütün bu müzakirələrə və rəy sorğularına baxmayaraq, Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyi sualı açıq olaraq qalmaqdadır.