“Zəngəzur dəhlizinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Hazırda dəhlizin Azərbaycana aid hissəsində nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Orta Dəhliz: Ticarət, sənaye və bağlantılılıq potensialının reallaşdırılması” mövzusunda paneldə çıxışı zamanı bildirib.
O, iqtisadiyyatın inkişafı baxımından sözügedən dəhlizin açılmasının vacib olduğunu açıqlayıb: “Zəngəzur dəhlizinin Ermənistana aid 42 kilometrlik hissəsində işlər başlandıqda Asiyadan Avropaya yüklər 12-15 günə daşınacaq. İqtisadiyyatların inkişafı baxımından Zəngəzur dəhlizinin açılması önəmlidir”.
Nazir müavini həmçinin Azərbaycan və ABŞ münasibətləri haqqında danışaraq qeyd edib ki, bu iki ölkə arasında münasibətlər yalnız hesabatlarda qalmayıb, bir sıra sənədlər imzalanıb: “Bu ilin iyununda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqunu keçirdik. Bu dialoq həmin çərçivənin praktiki əməkdaşlığa çevrilməsinə başlanğıc verdi. İyunun əvvəlində keçirilmiş Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Amerika şirkətləri bir sıra mühüm razılaşmaları yekunlaşdırdılar. Strateji öhdəliklərin güclü kombinasiyasını formalaşdırarkən qarşıda duran ümumi vəzifə bu dinamikanı davamlı kommersiya tərəfdaşlıqlarına çevirməkdir.
Bununla yanaşı, dialoq çərçivəsində kritik minerallar, rəqəmsal infrastruktur və ölkənin mədəniyyəti ilə bağlı əməkdaşlıq sənədləri də hazırlandı. Bunların yalnız hesabatlarda qalmadığını göstərmək üçün bir neçə ay əvvəl imzalanmış konkret sazişlərdən nümunələr gətirim. “Exxon” şirkəti ilə Azərbaycan arasında qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Həmçinin kritik mineralların tədarükünün təmin edilməsi, onların hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində iş aparılır”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər