Zərdab şəhərində 4-cü “Abad məhəllə” istifadəyə verildi - Fotolar

zerdab-seherinde-4-cu-abad-mehelle-istifadeye-verildi
Oxunma sayı: 480

Zərdab şəhərinin Azərbaycan küçəsi istiqamətində yerləşən 10-cu məhəllədə, 4 ədəd ikimərtəbəli, 16 mənzilli kommunal yaşayış binasının əhatə etdiyi ərazidə, ümumi sahəsi 1300 kv.metr olan ərazidə salınan “Abad məhəllə”nin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazidəki binalarda yaşayan sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların Zərdab rayonunda da uğurla icra olunduğunu vurğulayıb. İcra başçısı “Abad məhəllə”nin açılışı və qarşıdan gələn bayramlar münasibətilə məhəllə sakinlərini təbrik edərək görülən işlər barədə məlumat verib.

Bildirib ki, açılışına toplaşılan sayca 4-cü olan məhəllənin tikintisinə 2025-ci ilin noyabr ayında başlanılıb və qısa müddət ərzində tikinti-quraşdırma işləri keyfiyyətlə başa çatdırılıb. Baxımsız və yararsız vəziyyətdə olan ərazidə 1150 kv.metr sahəyə tamet tava, 330 metr beton bardyür düzülüb, “aqlay” üzlük daşı və taxta ilə  üzlənmiş 1 ədəd dairəvi oturacaq inşa edilib. Məhəllədə  2 ədəd söhbətgah, 8 ədəd oturacaq və zibil qutuları yerləşdirilib, avtomobillərin dayanacağı üçün 300 kv.metr sahəyə asfalt örtüyü vurulub. 

Ümumiyyətlə 2025-ci il ərzində Zərdab şəhəri ərazisində genişmiqyaslı tikinti quruculuq işləri aparılıb. Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında təmir işləri aparılıb, şəhərin Zərdabi, Ramiz Kərimov, Samir Abdullayev və 20 Yanvar küçələrində səkilər yenidən qurulub. Zərdabi, Aydın Cavadov, Mehdi Hüseyn, Anar Məmmədzadə, Şahlar Şükürov, Sabit Rəhman, Şəmsi Bədəlbəyli, Əhməd Cavad, Rafiq Cəfərov, Məhəmməd Zalov, Nazim Hikmət, Fikrət Əmirov küçələri asfaltlanıb, Nəsrəddin Tusi, Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət Ələkbərova, Məmməd İsrəfilov, Müslüm Maqomayev və İsmayıl Şıxlı küçələri işıqlandırılıb.

Tədbirdə çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.