Qarabağın geyilməmiş ayaqqabıları

-qarabagin-geyilmemis-ayaqqabilari
Oxunma sayı: 2413

Raminə Eyvazqızı

O bəxti qara bağdan nə qədər yazsaq da, göstərsək də olmur. Yəqin biz dərdimizi deyə bilmirik. İçində olduğumuz dünya da vurub qulaqardına. Bizə elə bir ekran əsəri lazımdır ki, subtitr olmadan belə yad baxanda dərddən anlasın, izləyəni dönüb Qarabağımızın harada olduğunu xəritədə axtarsın.

Dünən elə bir filmə baxdım ki... Bir vicdanlı azərbaycanlı filminə. Bir bağırtıya, çığırtıya. Danışanı yoxdu, naləsi çoxdu. "Geyilməmiş ayaqqabılar" -adı o qədər məna verir ki...

Rejissor Rza Rzayevin siftə ekran işidi, təzələdiyi film üslubudu. Simvolistika, siyasət, düşmən, vətənpərvər insan, məcburi köçkün, ana naləsi və içində nə desəniz var. Bircə döyüş səhəsi olmadan Qarabağın harayına hay verənin filmidir bu. Demək, başdam ayağa, ayaqdan başa adamın ürəyini titrədən film çəkmək olarmış.

R.Rzayevin düşüncələrini azdan-çoxdan bilirdim. O , "Dolu" filmində canlandırdığı "Drakon" obrazı ilə patriot statusunu qazanmışdı. Çəkdiyi film obrazın təsdiqidir. Film çəkmək üçün öz əmlakını satmaq, rejissorluğa yiyələnmək üçün xaricə üz tutmaq və illərdir onu yatmağa qoymayan bu ssenarini ərsəyə gətirmək hər Allah bəndəsinin işi deyil. Bunlar heç tərif də deyil. Sadəcə çəkdiyi film son vaxtlar xəstəlik kimi yayılan "hır-hır", lağlağı filmlər arasında adama məlhəm kimi gəldi. Filmdə ata, bacısı erməni tərəfindən öldürülən Həsrət adlı uşaqla anasının yeganə dialoqu var.

Həsrət - Ana, nə oldu bəs 1 həftə də keçdi, nə vaxt qayıdacağıq kəndimizə?

Ana- Bu gün işdə dedilər ki , BMT axşam qərar çıxarıb, düşmən torpaqlarımızı boşaldacaq, gördün, sənə deyirdim inanmırdın.

Həsrət: - off, bəsdi də ana, kənddə də deyirdin ki Allah bu zülmü yerdə qoymaz, BMT Allahdan böyükdür ki?!

10 yaşlı Həsrət gənc olur, dünya susur. Uzanan müharibəyə son qoymaq üçün ora yollanır. İki ayağını da itirir. Uşaqkən torpağından didərgin düşəndə ona verilən ayaqqabılarını yurduna qayıdanda geyinmək üçün saxlayır, qismət olmur. İndi iki ayağını itirən gəncin geyilməmiş ayaqqabısının bir cütü də artır. Bu təkcə Həsrətin ağrısı deyil. Nə yaxşı ki, film qələbəyə ümidlə sonlanır. Rejissorun filmdə qurduğu səhnə bizə yeni bir ideya verir. Filmin final səhnəsindəki kimi gələcəkdə Xankəndində "Geyilməmiş ayaqqabılar" muzeyini açmaq. Ağır amma təsəlliverici arzudur.

Fimdə bir məqam da var. Əlil arabasında olan Həsrət milli qəhrəmandır, adına küçə də var. Biz yalnız həlak olanları qəhrəman sanırıq, halbuki həyatda görə bilmədiyimiz o qədər canlı əfsanələrimiz, qəhrəmanlarımız var ki. Bizim bir vaxtlar dolabında təzə paltarını, ayaqqabısını əzizləyib saxlayan sayı itmiş şəhidlərimiz var!

Filmdə iki dərd obrazı var. Həsrətin anası (aktrisa Gülzar Qurbanova) və musiqi. Filmi başdan ayağa izləyən musiqi ağrımıza nüfuz edir, adama dəfələrlə ah çəkdirir, lap süründürür. Musiqi deyir ki, xatırla, düşün, başını işlət, üzül amma qırılma, özünə çarə qıl.

"Geyilməmiş ayaqqabılar" filminin yaradıcı komandası qonorardan imtina edib, canla-başla işləyib. Hətta rusiyalı bəstəkar Viaçeslav Şulin də filmin musiqisinin haqqını istəməyib. Amma film çəkilişində süni maneələr (yataqxana müdriyyəti, Gəmiçilik İdarəsi), formal kağız-kuğuz istəyən, Vətən dərdindən çəkilən filmin kamerasına belə gözü düşən "kişilər" də olub. Belələri durduqca geyilməmiş ayaqqabılarımız da çox olacaq. Bəs neyləməli? Ayaqqabı ölçüsünü bilməyənlərin dərsini necə verməli? Ayaqqabısını necə dar etməli? İndi bizə erməni beyni lazımdır ki, Qarabağa həsr olunmuş bu ekran əsərini tez zamanda ölkədən kənarda göstərə bilək. İnandırıram ki, bu filmi başı işləyən, təkcə gözü olan hər kəs anlaya bilər, psixikası darmadağın olar. Əvvəlcə isə ictimai baxış, sonra təhsil müəsisələrində göstərilməlidir. Gəlin, bu dəfə danışmayaq, göstərək! Çünki Rza Rzayev demiş, "çoxu sözü tüpürür"!