“Biri günçıxana, biri günbatana ev tikməli deyil”

biri-guncixana-biri-gunbatana-ev-tikmeli-deyil
Oxunma sayı: 1272

“İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər özəl sektor işləyir, çalışır. İnsanlar gedib orada yaşayır və fəaliyyət göstərir. Cənab Prezident hər dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdikdə yeni iş yerlərinin açılması üçün müəssisələrin lentlərini kəsir, müəssisələr açılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu müəssisələrin böyük hissəsi özəl sektorun payına düşür, özəl sektor fəaliyyətini dövlətdən həm kredit, həm öz vəsaitini qoymaqla həyata keçirir. Orada iş görmək üçün tender elan olunur və bu tender əsasında iş gedir. Kim tenderdə qalib gəlirsə, orada iş qura bilər. Biz bu gün şəhərsalma ilə əlaqədar böyük bir tədbir keçiririk. Orada hərə özü istədiyi formada - biri günçıxana, biri günbatana ev tikməli deyil. Bu, standarta uyğun, müasir infrastruktura uyğun tikilir və vətəndaşlara da pulsuz verilir. Bunu qiymətləndirmək lazımdır, heç bir dövlət öz vətəndaşı üçün bu addımı atmır. Bu, Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir”, - deputat qeyd edib.

Xəbəri rus dilində oxuyun: Никакого хаотичного строительства! Ответ Новрузова

Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Bu gün Qarabağ torpaqları qarabağlılara verilir, Qarabağa köçən hər bir ailə işlə təmin də olunur. Kim işə qadirdirsə, iş görə bilirsə... Hər zaman görürük ki, cənab Prezident də bir çox hallarda Qarabağa köçənlərə açarları özü verir”.

Daha əvvəl mövzunu gündəmə gətirən deputat Razi Nurullayev isə Siyavuş Novruzovun fikirlərinə görə ona təşəkkürünü bildirib: “Siyavuş Novruzova məntiqli, dərin, müfəssəl, ətraflı çıxışına görə dərindən təşəkkür edirəm”. 

Nuranə Daxilqızı