Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar... - Yenilənib

dehsetli-qezadan-evvel-defelerle-video-paylasibmislar
Oxunma sayı: 5527

Oktyabrın 12-nə keçən gecə Masazırda motosikletin iştirakı ilə baş vermiş ağır yol qəzasında həlak olan 2 gəncin yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin gənclərin paylaşdığı görüntülərdən onların motosikleti təhlükəli və sürətli formada idarə etdikləri məlum olur.

Bildirilib ki, onlar daha çox Bakı-Sumqayıt yolunda videolar çəkərək paylaşıblar. Gənclərin qəzaya düşdüyü ərazidən də daha əvvəl video paylaşdığı qeyd edilib.

Xatırladaq ki, dəhşətli qəza oktyabrın 11-i saat 20:40-da Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində həlak olub.

“Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması müəyyənləşib.

Motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyi şöbəsinin rəisi Rövşən Tağıyev hadisə ilə bağlı bildirib:

“Bu faciə bir daha göstərir ki, sürücülük hüququ olmadan motosiklet idarə etmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli manevrlərə yol vermək ağır nəticələrə səbəb ola bilər. Həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması təhlükəli davranışların yayılmasına və başqalarının da belə hərəkətlərə meyillənməsinə zəmin yarada bilər. Motosikletlə təhlükəli hərəkətlər etmək nə cəsarət, nə də bacarıqdır — bu, həm özünün, həm də ətrafdakıların həyatını riskə atmaqdır.

İctimai yol yarış meydanı, təhlükəli manevrlər isə izləyici və bəyənmə toplamaq vasitəsi deyil. Sürücü yola çıxarkən hərəkətlərinə görə məsuliyyət daşıdığını və verdiyi qərarların başqa insanların təhlükəsizliyinə də təsir etdiyini unutmamalıdır. Sosial şəbəkələrdə qazanılan diqqət və bir neçə saniyəlik görüntü insan həyatından qiymətli ola bilməz.

Bu məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Valideynlər övladlarının nəqliyyat vasitəsini idarə edib-etmədiyinə, sürücülük hüququnun olub-olmamasına və yolda necə davrandığına diqqət yetirməlidirlər. Sürücülük hüququ olmayan şəxsin motosiklet və ya digər nəqliyyat vasitəsini idarə etməsinə imkan verilməməlidir. Gənclər isə yol hərəkəti qaydalarına əməl etməli, sosial şəbəkələrdə diqqət çəkmək naminə özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".