Fərid Əliyev MN-də bu vəzifəni icra edirmiş - Yenilənib

ferid-eliyev-mn-de-bu-vezifeni-icra-edirmis
Oxunma sayı: 19134

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, general-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Qeyd edək ki, əvvəllər Dövlət Gömrük Xidmətində çalışmış Fərid Əliyevə Prezident İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin ən gənc generalı olan F.Əliyev bir neçə aydır ki, bu vəzifəni icra edir. 

***

Oxu.Az xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

O, Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.