Beynəlxalq Futbol Assosiasiyaları Şurası 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı öncəsi oyun qaydalarında mühüm dəyişiklikləri təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, yeni qərarlara əsasən, meydandakı davranışlara nəzarət daha da sərtləşdiriləcək.
Yenilənmiş qaydalara əsasən, hakimlə mübahisə zamanı ağzını örtən futbolçular birbaşa qırmızı vərəqə ilə cəzalandırıla bilər. Hakimin qərarına etiraz olaraq meydanı tərk edən oyunçular dərhal oyundan uzaqlaşdırılacaq. Eyni zamanda, komanda üzvlərini bu addıma təşviq edən rəsmilər də qırmızı kartla cəzalandırıla bilər. Qaydalar daha da sərtləşdirilərək bildirilir ki, əgər bu cür davranış oyunun dayandırılmasına səbəb olarsa, həmin komanda texniki məğlubiyyətlə üzləşə bilər.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası qeyd edir ki, bu qaydalar digər turnirlər üçün məcburi xarakter daşımır, lakin onların Dünya Çempionatında tətbiqi mütləq olacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il Afrika Millətlər Kubokunun final oyunu zamanı baş verən qalmaqaldan sonra gündəmə gəlib. Həmin görüşdə Seneqal milli futbol komandası oyunçuları mübahisəli penalti qərarına etiraz olaraq meydanı tərk etmişdi.
Yeni qaydalar “ağız bağlamaq” jestinin də qarşısını almağa yönəlib. Bu davranışın bəzi hallarda təhqir və irqçi ifadələri gizlətmək üçün istifadə edildiyi bildirilir.
Mövzu xüsusilə Vinisiusla bağlı insidentdən sonra geniş müzakirə olunub.
Bəzi Avropa liqaları yeni qaydaların tətbiqinə ehtiyatla yanaşır. Xüsusilə irqçi təhqir səbəbindən meydanı tərk edən oyunçuların cəzalandırılması ehtimalı suallar doğurur.
Eyni zamanda, məsələ ilə bağlı qərar İdman Arbitraj Məhkəməsi tərəfindən araşdırılmaqdadır.
Yeni qaydalar futbol intizamını gücləndirməyi hədəfləsə də, onların tətbiqi zamanı yaranacaq nəticələr diqqətlə izlənəcək.
Son xəbərlər
Son Xəbərlər